Köçəryan və Sarkisyandan bədbin açıqlama: “2023-cü il faciəli oldu”

Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Yeni il münasibətilə ermənilərə ünvanladıqları müraciətdə pessimist əhval-ruhiyyələrini biruzə veriblər.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, sabiqlər 2023-cü ilin ermənilər üçün faciəli sonluqla başa çatdığını bildiriblər. Onlar bunu deyərkən Qarabağın itirilməsini, Xankəndidə Azərbaycan bayrağının qaldırılmasını nəzərdə tutublar.

“İl faciəli oldu. Təəssüf ki, heç bir tədbir görülmədi. Biz bu rüsvayçılığı sülh adlandıraraq azərbaycanlılardan rəhm diləməkdə davam edirik. İnsanların nə baş verdiyini anlaması üçün başqa nə lazımdır? Sizə layiqli sülh və buna nail olmaq üçün kollektiv iradə arzulayıram”, – Köçəryan deyib.

Serj Sarkisyan isə erməniləri bədbinlikdən çıxmağa çağırıb: “Hər şeydən əvvəl hamımızın müdrikliyə və yenə də məntiqə ehtiyacı var. Gəlin insanları və hadisələri təkcə eşitdiklərimizlə deyil, həm də gördüklərimizlə mühakimə edək. Bədbinlik və qorxu içində boğulan milli ruhumuzu, ləyaqətimizi dəfn etməyə son qoyaq. Gəlin özümüzə inanaq, uğura inanaq, qələbəyə inanaq!”.