Kobaxidze Gürcüstanı Rusiyanın cəngindən qurtara biləcək?

Gürcüstan parlamenti baş nazir postuna namizəd İrakli Kobaxidzeyə etimad göstərdi. İ.Kobaxizenin Gürcüstanın yeni baş naziri olması onun bir müddət öncə verdiyi vədləri aktuallaşdırır. Belə ki, o, “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qələbə qazanacağı təqdirdə ölkəsinin ən mühüm milli vəzifəsi olan ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcəyini bildirmişdi.

Maraqlıdır, İ.Kobaxizenin buna özü də sülh yolu ilə nail ola biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İrakli Kobaxidze olduqca çətin və həlli sülh yolu ilə imkansız olan bir vəd verib:

“Məsələ ondadır ki, Gürcüstanın ərazisində iki ciddi münaqişə var. Söhbət Abxaziya və Cənubi Osetiya münaqişələrindən gedir. Bu münaqişələrin yaradıcısı birbaşa Rusiyadır. Müqayisə üçün deyim ki, keçmiş Dağlıq Qarabağ münaqişəsini də Rusiya yaratmışdı, amma Azərbaycan ərazilərini Ermənistan işğal etmiş, daha sonra qondarma qurum yaratmışdı.

Qabil Hüseynli

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə faktiki olaraq Ermənistanı və onun yaratdığı xunta rejimini məğlub etdi. Amma Gürcüstan üçün bu heç də belə asan deyil. Çünki Abxaziya və Cənubi Osetiyadakı xunta rejimlərini birbaşa Rusiya müdafiə edir. Yəni Gürcüstan ərazilərini hərbi yolla bərpa etmək istəsə 2008-ci il ssenarisi ilə üzləşə bilər. Xatırladım ki, rəsmi Tiflis cəmi bir neçə saata Rusiyaya məğlub olmuşdu.

Kobaxidze sülh yolu ilə ərazi bütövlüyünü bərpa edəcəyini vəd edib. Bunun üçün o, ilk növbədə Rusiya ilə münasibətləri normallaşdırmalı, xunta rejimləri ilə danışıqlara getməlidir. Bu isə Qərblə münasibətlərin korlanması deməkdir. Yəni bütün hallarda onun işi çox çətindir”.

Turan Rzayev
Globalinfo.az