“Ötən gecə Zaporojye AES-in yerləşdiyi Enerqodar şəhəri Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb”.
Globalinfo.az xəbər verir ki, bunu Zaporojye vilayətinin rəhbəri Yevgeni Balitski deyib.
“Hücumlar zamanı mülki infrastruktur, sosial obyektlər və inzibati binalar hədəfə alınıb. Düşmən məqsədli şəkildə hərbi obyektlərin olmadığı ərazilərə zərbələr endirib”, – deyə o bildirib.
Məlumata görə, dronlardan biri doğum evinin yaxınlığındakı dayanacağa düşüb. Nəticədə mikroavtobus tamamilə yanıb, dörd minik avtomobilinə ziyan dəyib. Doğum evinin binasında isə pəncərələr qırılıb.
Hadisə zamanı xəstələr, tibb işçiləri və ətrafdakı şəxslər arasında xəsarət alan olmayıb.
Bundan əlavə, Zaporojye Atom Elektrik Stansiyasının nəqliyyat sexinə də iki pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilib.
Nəticədə altı avtobus və iki “Qazel” markalı avtomobil yanaraq yararsız hala düşüb.
Vilayət rəhbəri qeyd edib ki, insident zamanı radiasiya fonunda dəyişiklik qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.
Lakin Balitski AES yaxınlığında həyata keçirilən hücumları “nüvə terrorizmi” adlandıraraq buna sərt reaksiya verilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, mayın 30-da da döyüş dronunun Zaporojye AES-in 6-cı enerji blokunun maşın zalına düşdüyü bildirilmişdi. “Rosatom”un rəhbəri Aleksey Lixaçev partlayış nəticəsində binanın divarında deşik yarandığını, lakin əsas avadanlıqların zədələnmədiyini açıqlamışdı.
AES rəhbərliyi isə stansiyanın bütün sistemlərinin normal rejimdə işlədiyini, radiasiya fonunun normada qaldığını və texnoloji proseslərin pozulmadığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az