Kişinyov Dnestryanı bölgədən rus hərbçilərinin çıxarılmasına nail olmağa çalışacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Moldovanın reinteqrasiya üzrə vitse-premyeri Valeri Kiveri “Radio Moldova“ya açıqlamasında deyib.
“Biz qoşunların çıxarılmasına nail olmaq üçün səylərimizi davam etdirəcəyik, lakin bu, dərhal baş verməyəcək. Bizim siyasətin istiqaməti tam aydındır. Dnestryanı ərazidə yerləşən Rusiya qoşunlarının Operativ Qrupu respublika üçün ciddi təhlükə yaratmır”, – deyə Kiveri bildirib.
Onun fikrincə, Rusiya qoşunlarının Operativ Qrupunun hərbi potensialı çox zəifdir. Bu qüvvələr ümumilikdə Moldovanın, eləcə də Ukraynanın təhlükəsizliyi üçün müəyyən risk yaradır. Lakin bu, təcili tədbirlər tələb edəcək səviyyədə təhlükə deyil.
Kiveri həmçinin Rusiya qoşunlarının Operativ Qrupunun komandanlığının “persona non grata” elan edilməsini xatırladıb və qeyd edib ki, bu addım rotasiyanı çətinləşdirəcək.
“Qonşu ölkədə (Ukraynada – red) davamlı və ədalətli sülhün əldə olunması Dnestryanı münaqişəsinin həlli və rus qoşunlarının Moldovadan çıxarılması üçün də zəmin yaradacaq”, – deyə o vurğulayıb.
Əliyar Xəlil