Kirman terroruna görə 11 nəfər saxlanıldı: biri bu ölkənin vətəndaşıdır

Xəbər verdiyimiz kimi, İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub.

Globalinfo.az xəbər verir ki, İranın Təhlükəsizlik Nazirliyi (ETTELAT) kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğunu bildirib.

Qeyd edilib ki, partlayışları törətməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. Kirmanda partlayışı törədən kamikadzelərdən ikisinin yaşadığı ev də tapılıb. Evdə istifadəyə hazır partlayıcı qurğular, o cümlədən partlayıcı kəmərlər olub.

Digərlərinin şəxsiyyətlərinin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb.