İrəvanda gərginlik pik həddə çatıb. Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında açıq qarşıdurma ölkə daxilində siyasi böhrana səbəb olub. Müxalif ruhani lider, Tavuş yeparxiyasının keçmiş rəhbəri arxiyepiskop Baqrat Qalstanyan və tanınmış iş adamı, “Tashir Group” holdinqinin sahibi Samvel Karapetyanın həbs olunması isə bu qarşıdurmanı daha da alovlandırıb. Paşinyanın mövqeyini zəiflədən bu proseslər həm Ermənistan daxilində, həm də regionda narahatlıq doğurur. Bakı isə sərhəddə artan gərginlik və sülh gündəminin ləngiməsindən ehtiyat edir.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanın baş naziri ilə kilsə arasında gərginlik yeni deyil:
“Təxminən 7 ildir ki, Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında ziddiyyətlər davam edir. Məlum olduğu kimi, Paşinyan 2018-ci ildə ‘Məxməri inqilab’ nəticəsində hakimiyyətə gəldi və uzun müddət ölkə siyasətinə nəzarət edən Qarabağ klanını – yəni Robert Koçaryan və Serj Sarkisyan kimi Rusiyaya bağlı şəxsləri devirdi.
Bu klanın zəifləməsindən sonra Rusiyanın Ermənistandakı digər təsir mərkəzi olan Ermənistan Apostol Kilsəsi aktivləşdi. Kilsə dini struktura malik olsa da, tarixən siyasi və ideoloji funksiyalar daşıyıb və bu gün də həmin missiyanı davam etdirir.
Hazırda Qərbyönlü Paşinyana qarşı olan qüvvələrin əsas dayaq nöqtəsi məhz kilsədir. Təsadüfi deyil ki, 2024-cü ilin yazında Tavuş bölgəsində başlayan və İrəvanda davam edən aksiyalara rəhbərlik edən şəxs arxiyepiskop Baqrat Qalstanyan idi. Həmin etirazların əsas təşkilatçısı və məqsədi də Paşinyanı devirmək idi.
Zeynal Əmrəliyev
Politoloq əlavə edib ki, Ermənistan daxilində Rusiyaya bağlı qüvvələr son aylarda aktivləşib:
“Bir müddət öncə Rusiyanın Ermənistan üzrə kuratorunun dəyişdirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Əgər indiyədək bu məsələ ilə əsasən xarici işlər naziri Sergey Lavrov məşğul olurdusa, artıq bu funksiyanın Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Krienkoya verildiyi bildirilir.
Sergey Krienko Rusiyada ‘inqilabların atası’ kimi tanınır. O, nəzarət etdiyi ölkələrdə hakimiyyət dəyişikliyi təşəbbüsləri ilə tanınır. Məhz bu kontekstdə Samvel Karapetyanın Ermənistana gəlişi, Paşinyana qarşı çağırışlar və nəticə etibarilə onun da həbs olunması, Kremlin bu prosesi koordinasiya etdiyinə işarə edir. Bütün bunlar Rusiyanın Ermənistanda təsir imkanlarını artırmağa çalışdığını, kilsənin və digər anti-Paşinyan qruplarının isə bu planın bir hissəsi kimi hərəkət etdiyini göstərir.”
Turan Rzayev
Globalinfo.az