Kılıçdaroğlunun nəzəri prezidentliyi – İlk atacağı addımlar bunlar olar

14 mayda Türkiyədə keçirilən prezident seçkiləri yekunlaşdı və namizədlərin heç biri 50+ səs faizi toplamadığından 28 mayda ikinci tur olacaq. İkinci turda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şansları çox görünsə də, Kamal Kılıçdaroğlunun qələbə qazanması da mümkündür.

Kılıçdaroğlunun qələbə qazanması halında mövcud Türkiyə-Azərbaycan münasibətlərinin necə olunacağı başlıca sual olaraq qalır. Xüsusilə Kılıçdaroğlunun bir müddət öncə paylaşdığı xəritədə Azərbaycanı kənarda qoyması bu narahatlığı daha da artırır. Digər tərəfdən, bu partiyanın xeyli tanınan üzvü Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Maraqlıdır, Kılıçdaroğlu prezident seçilərsə, onun anonsunu verdiyi anti-Azərbaycan mövqeyi reallaşacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Kamal Kılıçdaroğlunun bir müddət öncə təqdim etdiyi xəritə faktiki olaraq Türk dünyasının böyüməsinin, genişlənməsinin və güclənməsinin əleyhinədir:

“Təəssüf ki, Kılıçdaroğlu paylaşdığı xəritə ilə bağlı təkzib, yanlış anlaşılma kimi bir açıqlama vermədi. 44 günülük Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı qələbə Türk dünyasında inteqrasiyanı gözlə görüləcək səviyyədə sürətlənib. Misal üçün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu gün Türk Dövlətləri Təşkilatı kimi fəaliyyət göstərir.

Türk dövlətləri iqtisadi, siyasi, diplomatik və s. sahələrdə əməkdaşlıq edir. Hətta Macarıstan kimi Avropada söz sahibi olan bir ölkə belə təşkilatda müşahidəçi kimi iştirak edir. Bu gün türk dövlətləri özünüdərk, milli şüurun oyanması mərhələsinə qədəm qoyub. Bütün bu proses isə şübhəsiz Rəcəb Tayyib Ərdoğan hakimiyyəti müddətində daha çox genişlənib.

Ərdoğan Azərbaycanın böyük dostudur. Onun rəhbərliyində Türkiyə 44 günlük müharibədə Azərbaycanın yanında olub. Hesab edirəm, onun iqtidardan gedişi bir çox şeyi dəyişə bilər. Kılıçdaroğlunun paylaşdığı xəritə də bunu göstərir. Bu mənada Kılıçdaroğlu seçilsə, onun anonsunu verdiyi antiazərbaycan mövqeyi reallaşa bilər”.

Turan Rzayev
Globalinfo.az