Ərdoğanın qələbəsi: Kılıçdaroğlu gedir, Qarabağ isə… – İSTİ ŞƏRH

“Rəcəb Təyyib Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı “altılı masa” Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalibiyyətinə münasibətdə qeyd edib.

Politoloq Türkiyə müxalifətinin bir sıra addımlarının onları uğursuzluğa apardığını deyib:

“Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluna faydası olmadı. İkincisi, İyi Partiyanın lideri Meral Akşener ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı. Üçüncüsü, “altılı masa” vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi. Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyətçilərin səslərini qazana bilmədi. Beşinicisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu”.


Elxan Şahinoğlu

E.Şahinoğlu müxalifətdə köklü dəyişikliklərin olacağını bildirib:

“Bundan sonra nə olacaq? Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından və siyasətdən çəkiləcək. Meral Akşener isə “axı mən sizi xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankranın bələdiyyə başçısının namizədliyin irəli sürək” açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək.

Buna baxmayaraq, Rəcəb Təyyib Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var. Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəlməkdir. Azərbaycana gəldikdə müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Ərdoğanın qələbəsi erməniləri də məyus edib. Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlkitək hesablaşacaq”.

Qeyd edək ki, Türkiyədə keçirilən 13-cü prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gəlib.

Ayşən Mustafa
Globalinfo.az