“Kılıçdaroğlu Boraltan zehniyyətindən çıxa bilmir” – Qabil Hüseynli tarixi faktı xatırlatdı

“Kamal Kılıçdaroğlu seçkiöncəsi çox ciddi səhv buraxdı. Onun dəstəklədiyi və bir neçə gün öncə nümayiş etdirdi “Yeni İpək Yolu” xəritəsini reallığı və həqiqəti əks etdirmir. Kılıçdaroğlu bu səhvi ilə həm ciddi səs itirəcək, həm də özündən sonra gələcək CHP namizədlərinin işini çətinləşdirəcək”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Türkiyənin 6 müxalif partiyasının – “Altılı masa”nın (+HDP) 14 mayda keçiriləcək prezident seçkisində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun bir neçə gün öncə dəstəklədiyi və nümayiş etdirdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycanı qeyd etməməsini şərh edərkən deyib.

Qabil Hüseynli

Onun sözlərinə görə, Azərbaycan və Cənubi Qafqaz tarixi İpək Yolunun ən önəmli kəsişmə nöqtəsidir: “Azərbaycan bu gün neft-qaz ölkəsi kimi tanınsa da tarixən ölkəmizin əraziləri dəyərli olub. Bunun səbəbi heç də bugünkü təbii sərvətlərimiz deyil, yerləşdiyimiz geostrateji mövqe ilə bağlıdır. Azərbaycan ərazisi tarixi İpək Yolunun üzərinə yerləşir. Çindən Avropaya uzanan bu tarixi yolun mərkəz xətti Azərbaycan ərazisinə düşür. Təsadüfi deyil ki, Azərbaycan şəhərləri Bakı, Gəncə, Bərdə, Şəki, Naxçıvan tarix boyu bu faktora görə hər zaman zəngin olub. Digər bir nüans da Böyük İpək Yolunun Rusiya ərazisindən və İran ərazisindən keçən qollarının Azərbaycanda qovuşmasıdır. Buna görə ölkəmizin ərazisi tarix boyu yadelli işğallarına tez-tez məruz qalıb. Bu gün Çinin reallaşdırmaq istədiyi “Bir kəmər, bir yol” layihəsi də prinsip etibarilə Böyük İpək Yolunun 21-ci əsir variantıdır. Pekindən Londonadək uzanan bu yolun yenə ən önəmli hissəsi Azərbaycanın payına düşür. Azərbaycan olmadan regionda heç bir layihəni icra etmək mümkün deyil. Kılıçdaroğlunun bunu bilməməsi və ya bilib də özünü bilməzliyə vurması qəribədir”.

Politoloqun fikrincə, K.Kılıçdaroğlu CHP-yə tarixinin ən böyük zərbəsini vurdu: “CHP Türkiyənin ilk və ən köklü partiyasıdır. Bu partiya Mustafa Kamal Atatürk ideologiyasını daşıyır. Lakin partiya Kılıçdaroğlunadək bu qədər ciddi səhvlər etməyib. Partiyanın keçmiş mərhum lideri Dəniz Baykal daha usta və təcrübəli siyasətçi idi. O, seçkiqabağı Azərbaycan ilə bağlı məsələlərdə daha diqqətli olurdu. Çünki Boraltan körpüsü hadisəsinə görə Azərbaycanın CHP-yə qarşı bir incikliyinin olduğunu bilirdi. Kılıçdaroğlunun son açıqlaması və paylaşdığı fotoda Azərbaycanı nəzərə almaması Boraltan faciəsinə bərabər bir şeydir. CHP lideri Boraltan zehniyyətindən xilas olmalıdır. Əks təqdirdə, iqtidar yolu onlara heç vaxt açılmayacaq”.

Turan Rzayev
Globalinfo.az