Kəşfiyyat peykinin çəkdiyi fotoşəkillər Kim Çen İnə göstərildi

Şimali Koreya lideri Kim Çen İn Dövlət Aerokosmik Mühəndislik Administrasiyasının Pxenyanda yerləşən Ümumi Nəzarət və Tənzimləmə Mərkəzini ziyarət edib və orada kəşfiyyat peyki tərəfindən çəkilən fotoşəkillərə baxıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kim Çen İn kəşfiyyat peykinin Koreya yarımadası üzərindən keçərkən Mokpho, Kunsan, Phentek, Osan və Seul da daxil olmaqla Cənubi Koreya ərazisində çəkdiyi mühüm obyektlərin fotoşəkillərini nəzərdən keçirib.

Qeyd edək ki, KXDR noyabrın 21-də “Çholima-1” daşıyıcı raketi vasitəsilə “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan yaxın zamanlarda daha bir neçə peyki orbitə çıxarmağı planlaşdırdığını bildirib. Şimali Koreya cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd etmişdi.