9281de4c cec3 11f0 9942 00163e02c055

ABŞ Ədliyyə Nazirliyi Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi, 94 yaşlı Raul Kastro barəsində ittiham irəli sürüb. O, 1996-cı ildə iki Amerika təyyarəsinin qəzaya uğraması zamanı ABŞ vətəndaşlarının öldürülməsi və qətlə yetirmək məqsədilə sui-qəsd təşkil edilməsində günahlandırılır.

Paralel olaraq isə ABŞ ordusunun Karib hövzəsinə daxil olduğuna dair məlumat yayılıb.

ABŞ Kuba üçün Venesuela ssenarisini işə salıb? Vaşinqton artıq İran cəbhəsində razılaşma əldə ediləcəyinə inandığı üçün diqqəti Kubaya yönəldir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın Kubada Venesuela ssenarisini təkrarlaması tamamilə realdır:

“Vaşinqtonun Latın Amerikası siyasətinə baxdıqda, bu model artıq bir neçə dəfə müxtəlif ölkələrdə sınaqdan keçirilib: iqtisadi təzyiq, siyasi izolasiya, daxili elitalar üzərindən təsir və mərhələli destabilizasiya mexanizmləri ABŞ-ın region siyasətinin klassik alətləridir.

ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə verdiyi açıqlamalar da göstərir ki, Kuba məsələsi Vaşinqton üçün ideoloji və geosiyasi baxımdan hələ də açıq dosyedir. Lakin Tramp administrasiyası bu mərhələdə tələsik addım atmayacaq. Çünki ABŞ paralel şəkildə daha kritik geosiyasi cəbhəni – İran istiqamətini idarə etməyə çalışır.

kenan novruzov
Kənan Novruzov 

İranla bağlı proses isə həlledici mərhələyə daxil olub: ya diplomatik razılaşma əldə ediləcək, ya da regionda yeni hərbi eskalasiya qaçılmaz olacaq. Bu səbəbdən Vaşinqtonun strateji prioriteti hazırda resursları bölmək yox, əsas cəbhəni sabitləşdirməkdir.

Beləliklə, Kuba istiqamətində ABŞ-ın əsas planı hələlik açıq hərbi və ya kəskin siyasi dəyişiklik deyil, diplomatiya və diplomatik təzyiq mexanizmlərinin maksimum dərəcədə işə salınmasıdır. Bu yanaşma Vaşinqtona həm vaxt qazandırır, həm də regionda daha geniş qarşıdurma riskini idarə etməyə imkan verir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: