Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.
Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.
Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimdə çəkməsini istəyib.
***16:35
Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırdı.
Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, bunu Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən prosesində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib.
O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib:
“Xidmətdə olduğumuz zaman erməniəsilli Karen Avanesyan Xankəndidə silahlı müqavimət göstərdiyi barədə məlumat aldıq. Hadisə yerinə getdik və onu dəfələrlə silahı yerə qoyub təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan bizə qarşı silahlı müqavimət göstərirdi. Avanesyan silahlı halda şəhər ərazisində tədbir keçirilən əraziyə doğru gedirdi.
Daha sonra qaçıb bir evə girdi. Mən özüm şəxsən onu təslim olmağa çağırdım, dedim ki, sənə heç nə edilməyəcək. Ancaq o yenə bizə doğru 6-7 atəş açıb qumbara atdı. Belə olduqda xidməti vəzifəmizi yerinə yetirərək silah işlədib onu yaralamaq məcburiyyətində qaldıq. Yaralı vəziyyətdə ələ keçən Avanesyanı xəstəxanaya apardıq. O, yaralı halda özünü Ermənistanın qəhrəmanı adlandırırdı”.