Kanada Aİ-nin Ermənistandakı missiyasına qoşulmaq istəyir – Bakının cavabı necə olacaq?

Kanada Aİ-nin Ermənistandakı missiyasına qoşulmaq istəyir. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarında bildirilir. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın töhfəsini əhəmiyyətli hesab edir.

Maraqlıdır, bu baş verərsə, Azərbaycanın mövqeyi necə olacaq? Bəyanatın özünə rəsmi Bakı hansı reaksiyanı verəcək? Monitorinq Missiyasının tərkibinin bu cür böyüdülməsi nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, regionda heç bir xarici qüvvə, orduya ehtiyac yoxdur:

“Regionda sülhün əldə edilməsi üçün ilk öncə bölgə hərbsizləşdirilməlidir. Yəni regionda nə Rusiya sülhməramlıları olmalıdır, nə Avropa İttifaqının Monitorinq Missiyası, nə də bir başqa qüvvə.

Təcrübə göstərir ki, mülki missiya adı altında regiona gələn qüvvələr də tədricən hərbiləşir və öz mandatına uyğun davranmır. Rəsmi Bakı bütün bunları nəzərə alıb regionun hərbiləşməsinin əleyhinə çıxış edir.

Turab Rzayev 

Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulmaq istəməsi də heç nəyi dəyişməyəcək. Bu, prosesin mənfiyə doğru irəliləməsindən başqa heç nə deyil. Kanadanın ardınca başqa ölkələr də bənzər tələblər ilə çıxış edəcək. Və beləliklə, biz NATO-nun mülki missiya adı altında regionda fəaliyyətinin şahidi ola bilərik.
Bu missiya bu gün Ermənistanda yerləşdiyi üçün ehtimal gərginlik zamanı yenə rəsmi İrəvana dəstək verəcək. Buna görə də bu prosesə mane olmaq, qarşısını almaq lazımdır”.

Turan Rzayev
Globalinfo.az