69722eb77de8e69722eb77de8f176909074369722eb77de8c69722eb77de8d

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Gültən Quliyeva bildirib ki, Kamran Əsədovun köməkçisi Bəhman Huseynli onunla əlaqə saxlayaraq məhkəməyə getməməyi təklif edib: “Mənə dedi ki, məhkəməyə getməyim və hər şey yaxşı olacaq. Həmçinin Kamran Əsədov da mənə mesaj yazıb. Lakin mən hər iki şəxsi tətbiq üzərindən bloklamışam. Mən Kamran Əsədova oğlumun qəbul olunması üçün 15 min manat pul vermişəm. İş alınmadı, pulu geri qaytarıb”.

Kamran Əsədov ifadəyə münasibət bildirərkən qeyd edib ki, Gültən Quliyevaya zəng etməyib və hal-əhval üçün mesaj yazıb. Eyni zamanda, Gültən Quliyevadan pul almayıb, pulu özləri verib.

Hakim Elçin Məmmədov bildirib ki, hazırda Naftalan Şəhər Polis Şöbəsinə Kamran Əsədov barəsində şikayət daxil olub, araşdırma aparılır.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Mirzağa Yaqubzadə isə deyib ki, Gültən Quliyevanın oğlu imtahanda iki dəfə iştirak edib.

Daha sonra, Gültən Quliyevanın oğlu Nihat Quliyev və Kamran Əsədovun köməkçisi Bəhman Huseynli ifadə verərək tərəflərin suallarını cavablayıb.

Məhkəmənin növbəti iclası 23 yanvara təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

** 17:08

Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən prosesə ona yaxın şahid ifadə vermək üçün dəvət olunub.

Ümumilikdə cinayət işi üzrə 30-dan artıq şahid var.

Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İttihama görəx təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd etmişlər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Paylaş: