Kamil Zeynallı Ermənistana təhvil verilə bilərmi? – Hüquqşünas DANIŞDI

“İstənilən dövlət, istənilən vətəndaşı beynəlxalq axtarışa verə bilər. Bu da avtomatik olaraq elektron bazaya düşür və təbii ki, axtarışa verilən adam sərhədi keçdikdə həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən saxlanılır”.

Bu sözləri Globalinfo.az-a beynəlxalq hüquqşünas Əkrəm Həsənov idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı danışarkən deyib.

Hüquqşünas K.Zeynallının qanunla azadlığa buraxılacağını bildirib:

“Rusiya tərəfi faktiki olaraq vətəndaşımızın hansı səbəbdən axtarışa verildiyini bilmir. Sistemə baxdıqdan sonra söhbətin nədən getdiyini biləcəklər. Nəticədə də K.Zeynallı sərbəst buraxılacaq. Onun Ermənistana təhvil verilməsi mümkün deyil! 30 ildir ermənilərlə azərbaycanlılar qarşılıqlı olaraq bir-biriləri barədə müxtəlif paylaşımlar edirlər. İndi nə edək? Bütün təhqir yazan erməniləri beynəlxalq axtarışa verək? Bu, tamamilə mənasız addımdır. Sadəcə, ola bilər, Ermənistanda kiminsə ondan xüsusilə xoşu gəlmir deyə şikayət edib. Amma belə bir hadisənin təkrarlanmaması üçün Azərbaycan hökuməti baş verən məsələyə mütləq reaksiya verməli, Rusiya ilə də konkret danışmalıdır”.

Hüquqşünas deyib ki, siyasi baxımdan da K.Zeynallı Ermənistana təhvil verilə bilməz:

“İndiyə kimi Rusiya nə bir ermənini bizə təhvil verib, nə də bizdən kimisə ermənilərə verib. Bu, mümkün deyil. Formal olaraq Rusiya həm Azərbaycanla, həm də Ermənistanla müttəfiqdir. Lakin hər kəs yaxşı başa düşür ki, faktiki olaraq Rusiyanın bizimlə münasibəti daha yüksək səviyyədədir”.

Ə.Həsənov Rusiyaya gedən azərbaycanlılara xəbərdarlıq edib:

“Məsləhət görürəm ki, sosial şəbəkələrdə Rusiya barədə dedikləri sözlərə fikir versinlər. Çünki Rusiya-Ukrayna münasibətləri, daxili siyasətləri ilə bağlı tənqid yazanlar cəzalandırılır. Son zamanlar Rusiya qanunvericiliyi sərtləşdirilib. Bu dəqiqə adi bir sözə görə öz vətəndaşlarını qanuna uyğun şəkildə həbs edirlər. Buna görə də, Rusiyaya gedən azərbaycanlılar bunu gözə almalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az