Kamikadze dronların hazırlanmasında iştirak edən İran şirkətləri – İsrail açıqladı

İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edilən kamikadze dronlarının hazırlanmasında iştirakı mümkündür.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “ALMA” araşdırma və təhsil mərkəzinin məlumatında bildirilib.

Qeyd olunub ki, İran dronları hazırda Ukrayna və Afrika ilə yanaşı, Mərkəzi Amerikada (Venesuela) da istifadə edilir ki, bu da onlara ABŞ ərazisində əməliyyat imkanları yaradır.

Vurğulanıb ki, İranın mülki şirkətlərinin “Şahed 136” dronunun hissələrinin istehsal edilməsində və inkişaf etdirilməsində iştirakı mümkündür. Belə ki, bu şirkətlərdən biri “Chekad Sanat Faraz Asia” kimi də tanınan “Shakad Sanat Asmari” şirkətidir. 2013-cü ildə qeydiyyatdan keçmiş şirkətin SEPAH tərəfindən idarə edildiyi, müxtəlif aviasiya komponentləri istehsalı üzrə ixtisaslaşdığı bildirilib.

Məlumata görə, şirkətin əsas müştərisi İranın aviasiya sənayesidir. Əlavə olunub ki, şirkət həm İranda, həm də ölkə xaricində əcnəbilər vasitəsilə tikinti, xidmət, kommersiya və s. sahələrdə də fəaliyyət göstərir. Şirkətin hazırkı CEO-sunun Hadi Zahoriyan, onun müavininin isə Mohammad Şahab Xaniyan olduğu bildirilib. Əvvəlki CEO isə Ehsan Rahat Varnosfadrani olub və o, hazırda şirkətin baş elmi işçisidir.

Varnosfadraninin 2022-ci ildə dərc edilmiş məqaləsi pilota yüngül aviasiya vasitəsini idarə etməyə yardım edən sistemlə bağlıdır.

Kamikadze dronlarının hazırlanmasında iştirakı mümkün olan daha bir İran şirkəti isə “Daria Fanawar Burhan Sharif” şirkətidir. Qeyd olunub ki, şirkətin CEO-su Ehsan İmaninecaddır. Məlumata görə, SEPAH ilə əlaqələri olan şirkət elektron sxemlərin, optik sistemlərin, kommunikasiya sistemlərinin hazırlanması sahəsində ixtisaslaşıb. 2016-cı ildə Tehranda təsis edilmiş şirkətin direktorlarından birinin Saba Hassanpur olduğu, daha iki idarə heyəti üzvlərinin isə Mohammad Hossein Suleiman Biki və Seyyed Mahdi Alua olduğu müəyyən edilib. “ALMA”nın məlumatında sözügedən şirkətlərə sanksiya tətbiq edilib-edilməməsi ilə bağlı məlumat olmadığı qeyd olunub. Vurğulanıb ki, sözügedən şirkətlərlə bağlı məlumatların toplanması zamanı onların tez-tez öz adlarını dəyişdirdikləri müəyyən edilib.

“Bu, SEPAH ilə əlaqəli digər şirkətlərin praktikasıdır”, – məlumatda bildirilib.