De Byazinin təhqiri aranı qatdı – “Sərxan yox, Elxan utansın!”

“Milli komandanın baş məşqçisi Canni de Byazi Azərbaycanın idman jurnalistlərini “axmaq” adlandırıb. Görünür, De Byazi indiyə qədər elə güman edirmiş ki, uğursuz nəticələrə görə bunu tənqid yox, mədh etməli imişlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

O, baş məşqçinin mətbuat konfransını tərk etməsini tənqid edib:

“Adam mətbuat konfransında 2-3 tənqidi suala tab gətirə bilmir, komanda yaratdığı barədə nağıl uydurur, elə hey olmayan inkişafdan dəm vurur. Yaşına, statusuna yaraşmayan ifədələrdən istifadə edir. Sanki 65 yaşlı baba yox, hər şeydən küsən məktəbli uşaqmış kimi acıq edərək son mətbuat konfranslarını yarımçıq tərk edir.

Əvəzində nə baş verir? Onun bu hoqqabazlığına görə AFFA-nın baş katibi Sərxan Hacıyev idman mediasından üzr istəyir. Hacıyev heç olmasa De Byazi kimilərə mədəniyyət nümunəsi göstərib. Amma hamı onu da bilir ki, De Byazini Azərbaycan futbolunun başına bəla edən Sərxan Hacıyev deyil. Yəni Sərxan deyil, Elxan üzr istəməlidir. Sərxan deyil, Elxan utanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az