Jurnalist vəsiqəsinin forması təsdiq edildi – FOTO

Jurnalist vəsiqəsinin forması təsdiq edilib.

Globalinfo.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən,“Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcəkdir. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.

Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.

Bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.