BBC-nin Rasim Balayevə qalmaqallı sualına ekspertdən reaksiya

BBC-nin jurnalisti İzolda Ağayeva Xalq artisti Rasim Balayevə müsahibə zamanı verdiyi suallara görə tənqid edilir. Bir çoxu onun sualları ittiham ritorikası ilə verdiyini bildirirlər. Qeyd edilir ki, jurnalist sualda öz mövqeyini ifadə edə bilməz.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan media məsələləri üzrə ekspert Arif Əliyev deyib ki, jurnalist Rasim Balayevlə peşəkar kimi deyil, sanki vətəndaş kimi söhbət edib:

“Jurnalist müsahiblə mübahisə edə, fikirlərini bildirə bilər. Lakin bu, media üçün deyil. Bəzən jurnalistlər öz mövqelərini nümayiş etdirmək üçün müsahibi dəvət edib, sanki hər kəsə göstərmək üçün bu addımı atırlar”.

A.Əliyev vurğulayıb ki, jurnalistin müsahibi tənqid etmək fikri var idisə, məqalə yaza bilərdi:

“Mənim düşüncə və təcrübəmə görə, bu, peşəkar jurnalist davranışından fərqlidir. Qeyd edim ki, jurnalist özünü müsahibindən daha üstün, daha vətənpərvər göstərmək üçün belə mövqe seçir. Amma qarşımızda kimin olmasından asılı olmayaraq, bizim peşə standartlarımız dəyişmir. Müsahibin yanlış və ya düzgün hərəkət etməsinə baxmayaraq, biz öz işimizi icra etməliyik və bunu da standartlara uyğun həyata keçirməliyik”.

Zaira Akifqızı
Globalinfo.az