Jurnalist “intihar edəcəm” dedi, polis dərhal müdaxilə etdi

Jurnalist Ceyhun Rzayev bu gün saat 11:00-da intihar edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.

“Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa – üzr istəyirəm. Haqqınızı halal edin.

Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm, bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.

Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında “Dərə” marketin yaxınlığı”, – o bildirib.

Xatırladaq ki, C.Rzayev bir müddət öncə valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu açıqlamışdı.

***

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edildiyini bildirib:

“O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”, – deyə E.Hacıyev qeyd edib.