İzmirdəki “torba əməliyyatı”nın pərdəarxası

Ötən gün  İzmirdə bir qrup türkiyəli gənc ABŞ əsgərinin başına torba keçirib. Hadisədə iştirak edən gənclərdən 10-u həbs edilib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib ki, Amerika administrasiyası İzmirdə “USS Wasp” gəmisinin hərbçilərinə hücumundan narahatdır.

Bunun arxasında hansı qüvvələr dayana bilər? Bunlar ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsi üçün atılan addımlardır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Fərhad Məmmədov deyib ki, ABŞ dünyada xarici ölkələrdə hərbi bazalara malik olan dövlətlərin siyahısında birinci yerdədir:

“Onun yüzlərlə hərbi bazası var. On minlərlə ABŞ hərbçisinin xaricdə məişət və siyasi xarakterli problemləri çıxa bilər. Bu hadisəni sırf ABŞ-Türkiyə münasibətləri ilə bağlamaq düzgün deyil. Görüntülərdən də məlum olur ki, bu, planlaşdırılmayıb”.


Fərhad Məmmədov

Politoloqun sözlərinə görə, 10 nəfərin həbsi ABŞ-ın narahatlığına son qoymalıdır:

“ABŞ elə bir siyasət həyata keçirməlidir ki, onun hərbçisinə, vətəndaşına qarşı bənzər hadisələr baş tutmasın. Bir çox hallarda Vaşinqtonun siyasətinə qəzəblənən dünya əhalisi qəzəbini belə zorakılıqlarla çıxarır. ABŞ öz siyasətinə korrektələr gətirməlidir”.

Safura Bənnayeva
Globalinfo.az