İsveçrə hökuməti hesab edir ki, Rusiya Avropada təhlükəsizlik, sabitlik və sülh üçün ən böyük təhdid olaraq qalır. Üstəlik, Moskvanın məqsədləri Ukrayna ilə məhdudlaşmır.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat ölkənin illik təhlükəsizlik hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, xüsusilə ötən il ərzində İsveçrədə təhlükəsizlik vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib.
Sənəddə bildirilir ki, Rusiya Şərqi Avropada təsirini bərpa etməyə və qlobal güc kimi mövqeyini möhkəmləndirməyə çalışır. Moskva Qərbə qarşı genişmiqyaslı və uzunmüddətli qarşıdurma həyata keçirir və bu prosesdə hibrid vasitələrdən istifadə edir.
Hesabatda vurğulanır ki, bu qarşıdurma getdikcə kəskinləşir. Rusiya sabotaj, təbliğat və dezinformasiya kimi alətlərdən istifadə edir. İsveçrə birbaşa kiberhücumların, eləcə də təsir və dezinformasiya kampaniyalarının təsirinə məruz qalır. Qeyd olunur ki, Moskva Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün kompleks strategiya hazırlayıb.
Əliyar Xəlil
Globalinfo.az