İsveçrədə Heydər Əliyevin 100 illik yubileyi möhtəşəm tədbirlə qeyd edildi – FOTOLAR

Azərbaycan Respublikası Diasporla iş Üzrə Dövlət Komitəsinin dəstəyi və İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin quruluşunun 100 illik yubileyi konsert proqramı ilə qeyd edilib.

Globalinfo.az bildirir ki, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və   Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Azərbaycan və Türkiyənin tanınmış bəstəkarlarının əsərlərindən ibarət repertuarı Sürix Türk Musiqi Cəmiyyətinin xoru və tanınmış türkiyəli tenor, iki dəfə Grammy mükafatı laureatı Bülent Bezdüz ifa ediblər.

Konsertin açılışında çıxış edən Azərbaycan Respublikasının İsveçrədəki səfiri cənab Fuad İskəndərov və Diasporla iş Üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyov türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, onun sırf Azərbaycanla məhdudlaşmayan, bütövlükdə türk dünyasını əhatə edən siyasi-ideoloji fəaliyyətindən bəhs etmiş, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən və Azərbaycanla Türkiyənin vahid vücud kimi olmasını arzulayan Mustafa Kamal Atatürkün ideallarını siyasi və tarixi müstəvidə məhz “Bir millət, iki dövlət” tezisinin müəllifi Heydər Əliyevin gerçəkləşdirdiyini vurğulamışlar.

400 nəfərdən artıq tamaşaçının izlədiyi konserti türkimənistanlı pianoçu Rüstəm Rəhmədov, Sürix Opera Teatrının skripkaçısı Əlican Suner, Düsseldorf Simfonik Orkestrinin skripkaçısı Sesim Bezdüz, Harvard Universitetindən skripkaçı Audrey Vozniak, Mersin Dövlət Opera və Balet Teatrından kontrabasçı Teymur Bayramoğlu və ney ifaçısı Bilgin Canaz ifa ediblər.

Ayşən Mustafa
Globalinfo.az