İstanbuldakı terrorda İran izi? – Türk politoloqdan açıqlama

“Ötən gün İstanbulda baş verən terroru PKK törədib”.

Bu sözləri Globalinfo.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay İstanbulun İstiqlal küçəsində baş verən teraktın pərdəarxası məqamları haqda danışarkən deyib.

Onun sözlərinə görə, PKK Türkiyədə HDP ilə hökumət mənsublarının görüşlər keçirməsindən narazıdır:

“PKK bu vəziyyət qarşısında hökuməti dalana dirəmək, beləcə nüfuzuna zərbə vurmaq istəyir. Bu, həm də HDP-yə xəbərdarlıqdır”.

H.Oqtay hadisədə İranın barmağının olmasını istisna etməyib:

“İranda gənc xanım aktivist Məhsa Əminin öldürülməsindən sonra ölkədə baş verən və hələ də davam edən etiraz aksiyaları amilini də unutmayaq. İran indiki məqamda etiraz aksiyalarına olan diqqəti yayındırmaq üçün belə bir addım ata bilər.

Rəsmi Tehranın PKK terror təşkilatı üzərindəki təsiri və təzyiqi hər kəsə məlumdur. Yəni bu təsir nəticəsində PKK belə bir addım atıb, Türkiyəyə mesaj vermiş ola bilərlər. Bu kimi xeyli versiyaları nəzərdən keçirə bilərik. Hadisədə İranın əlinin olması ağıla gələn ilk versiyalardandır”.

Turan Rzayev
Globalinfo.az