İstanbulda dəhşətli qasırğa xəbərdarlığı: “Hazır olun…”

Bazar günü İstanbulda sürəti saatda 110 kilometrə çatan qasırğa proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin valisi Davud Gül bildirib.

“İstanbulda yağıntılar bazar günü də davam edəcək. Külək şəhərin şimal və şimal-qərb hissələrində güclənəcək, sürəti saatda 90-110 kilometrə çatan qasırğa gözlənilir”, – D.Gül qeyd edib.

Meteoroloq Kerem Ökten də İstanbulda 48 saat davam edəcək aramsız yağışın başlayacağını bildirib:

“Təbiət hadisəsi 2002-cü ildə baş verən fırtınadan daha güclü olacaq. İstanbulda həftə sonu gözlənilən fırtına 1936, 1973 və 2004-cü ildən sonra tarixə düşəcək bir qasırğa olacaq. Tarixə şahid ola bilərik. Hazır olun”.

İstanbulun meri Əkrəm İmamoğlu isə bildirib ki, əlverişsiz hava şəraitinin yaratdığı fövqəladə vəziyyətlə bağlı şəhər rəhbərliyi lazımi tədbirlər görüb.

Qeyd edək ki, İstanbul hava limanlarında pis hava şəraiti səbəbindən artıq 200-ə yaxın daxili və beynəlxalq reys təxirə salınıb. Bundan başqa, Türkiyənin Ankara, İzmir və bəzi digər şəhərlərində hava ilə bağlı narıncı kod elan edilib.