İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar Azərbaycana səfərinin mahiyyətini, ikitərəfli münasibətlərin strateji çərçivəsini, regional prosesləri və xüsusilə İranla bağlı İsrailin sərt mövqeyini ətraflı şəkildə şərh edib.
Globalinfo.az xəbər verir ki o, APA-ya eksklüziv müsahibəsində bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri və Milli Məclisin nümayəndələri ilə apardığı müzakirələrdə ikitərəfli əməkdaşlığın gələcək konturlarını müəyyənləşdirib.
Müsahibədə regional diplomatiya məsələlərinə toxunan Saar Türkiyə ilə münasibətlərin vəziyyətinə də aydınlıq gətirib. O bildirib ki, keçmişdə Ankara ilə Təl-Əviv arasında çox yaxşı münasibətlər olub, lakin son onilliklərdə bu əlaqələr Türkiyənin seçimi nəticəsində zəifləyib. Onun sözlərinə görə, İsrail gələcəkdə daha konstruktiv münasibətlərin mümkün olacağına ümid edir, lakin bu, əsasən Türkiyə tərəfinin yanaşmasından asılıdır.
Suriya ilə bağlı mövqeyini açıqlayan İsrail XİN başçısı bildirib ki, yaxın perspektivdə normallaşma gözlənilmir. Onun sözlərinə görə, hazırda tərəflər arasında aparılan müzakirələr sülh sazişi deyil, daha çox Suriyanın cənubunda təhlükəsizlik balansının qorunmasına yönəlmiş məhdud razılaşmalardır. Saar vurğulayıb ki, İsrail üçün əsas prioritet sərhədlərində təhlükəsizliyin təmin olunmasıdır.
Yaxın Şərqdə sülh prosesi və iki dövlətli həll məsələsinə münasibət bildirən Gideon Saar qeyd edib ki, Oslo sazişləri çərçivəsində Fələstin Muxtariyyəti yaradılıb və ərazilər verilib, 2005-ci ildə isə İsrail Qəzza zolağından tam çıxaraq oradakı bütün yaşayış məntəqələrini və hərbi mövcudluğunu ləğv edib. Nazir vurğulayıb ki, bu addımlar sülhə deyil, əksinə, İsrailin təhlükəsizlik vəziyyətinin pisləşməsinə gətirib çıxarıb. Saar hesab edir ki, real sülh üçün Fələstin cəmiyyətində dərin dəyişikliklər baş verməli, terrora dəstək dayandırılmalı, İsrailə qarşı nifrət və təhrik aradan qaldırılmalı, beynəlxalq platformalarda Təl-Əvivin əleyhinə hüquqi və siyasi kampaniyalara son qoyulmalıdır.
Müsahibənin ən diqqətçəkən hissələrindən biri İranla bağlı sərt mesajlar olub. Gideon Saar İran hakimiyyətinin ölkədəki etirazlara görə İsraili və ABŞ-ı günahlandırmasını tamamilə əsassız adlandırıb və bunu avtoritar rejimlər üçün tipik davranış kimi dəyərləndirib. Saar vurğulayıb ki, İsrail İran xalqının düşməni deyil və əksinə, onların azadlıq və rifah arzusunu anlayır. Problem yalnız rejimlə bağlıdır. Saar bildirib ki, bu rejimin nüvə silahına sahib olması təkcə İsrail üçün deyil, bütün regionda fəlakətli nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən İsrail üçün əsas strateji məqsəd İranın ən təhlükəli silahlardan məhrum edilməsi və regionda müharibəni qidalandıran imkanlarının məhdudlaşdırılmasıdır.