İsrailin sabiq nazirindən Fərid Səfərlinin həbsinə ETİRAZ

 

“İranla yeni nüvə sazişi bağlamaq səfehlik olar”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ölkəsinin populyar nəşri “Israel National News”da dərc olunan məqaləsində yazıb.

“Nüvə sazişi yaxınlaşır, İran terroru isə davam edir” adlı məqalədə bir neçə həftə ərzində İranla yeni nüvə sazişinin imzalana biləcəyi ilə bağlı fərziyyələrdən, eləcə də Tehranda azərbaycanlı tələbə Fərid Səfərlinin saxta casusluq ittihamı ilə həbs olunmasından bəhs edilir.

Ayub Karanın fikrincə, Səfərlini girov saxlamaqla İranın nə qazanacağı hələ də məlum deyil: “Halbuki bu yaxınlarda cənubi azərbaycanlı dissident Əhməd Obalını qətl etməyə cəhd göstərən, azərbaycanlı deputat Fazil Mustafaya sui-qəsd cəhdi edən və Beynəlxalq Holokostu Anma günündə Azərbaycanın Tehrandakı səfirliyinə hücum təşkil edərək azərbaycanlı mühafizəçini qətlə yetirən həmin ölkədir. Azərbaycana qarşı bu son hücumlar Təl-Əvivdə səfirlik açdığına görə molla rejiminin Azərbaycanı getdikcə daha çox tənqid etməsindən sonra baş verib”.

İsrailli politoloq hesab edir ki, Ermənistan və Azərbaycan arasında təklif olunan sülh sazişinə nail olunduqdan sonra İran Qafqazda əhəmiyyətli təsir imkanlarını itirə bilər: “Keçmiş presedentə əsaslansaq, çox güman ki, ayətullah qaragüruhu Səfərlidən Azərbaycana qarşı rıçaq kimi istifadə edərək, onu öz siyasətini dəyişməyə sövq etmək istəyir”.

2008-ci ildə molla rejiminin başqa bir azərbaycanlı Rəşad Əliyevi də saxta ittihamlarla həbs etdiyinin xatırladıldığı məqalədə müəllif bildirir ki, beynəlxalq ictimaiyyət üçün İranla yeni nüvə sazişi bağlamaq səfehlik olar, çünki belə bir saziş Səfərli və hazırda Tehranda girovluqda olan digərlərinin vəziyyətini daha da pisləşdirəcək.

Xatırladaq ki, tələbə F. Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.