Xəbər verdiyimiz kimi, İsrail hökuməti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.
Qeyd edək ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanıması Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaratmış və Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətini bu qərara yenidən baxmağa çağırmışdı. Bundan sonra bu məsələ İsraildə qeyri-müəyyən müddətə gündəmdən çıxarılıb.
Globalinfo.az-a danışan israilli tarixçi və politoloq Avraham Şmuleviçin sözlərinə görə, İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq ideyası çox qəribədir:
“Knesset, deyək ki, baş verən hadisələri tanıyır, bundan sonra nə olacaq? Əslində, bu, tamamilə absurddur. Bu, yalnız Cənubi Qafqazdakı vəziyyəti qeyri-sabitləşdirən, Türkiyə–Ermənistan və Türkiyə-Ermənistan–Azərbaycan münasibətlərini qeyri-sabitləşdirən bir addımdır. İsraildə Azərbaycanın reaksiyasını başa düşməsəniz belə, yenə də onun mövcud olduğunu bilməlisiniz. Bu qərar Türkiyəyə xüsusi təsir göstərmir və ermənilərin özləri son dərəcə narazıdırlar. Bu, əslində, Paşinyana zərbədir və müəyyən dərəcədə Rusiyanın mövqeyini gücləndirir. Çünki Rusiya hazırda Ermənistanın öz orbitində qalmasını təmin etməkdə maraqlıdır və müvafiq olaraq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini pisləşdirməkdə və normallaşma prosesinə müdaxilə etməkdə maraqlıdır.
Ermənistanla münasibətlər o qədər də yaxşı deyil, yəni İsrailin bu məsələdə xüsusi bir marağı yoxdur. Türkiyə ilə münasibətlər onsuz da çox pisdir və bu, Türkiyənin maraqlarına ciddi zərər verməyəcək. Əgər İsrail Ərdoğana təzyiq göstərmək istəyirsə, bu, güclü təzyiq üsulu deyil. Bu, Avropada hələ də soyqırım məsələsini dəstəkləyən solçu partiyalarla münasibətləri də yaxşılaşdırmayacaq. Ona görə də, fikrimcə, bəlkə də burada hansısa şəxsi amil var. Və burada Azərbaycan təbliğatının hüquqlarından danışmalıyıq, çünki İsraildəki erməni icması, oradakı erməni kilsəsi və erməni diaspor partiyaları hadisələrə erməni baxışını İsrail ictimai rəyinə çatdırmaq üçün böyük səy göstərirlər. Buna görə də, bu, tanınmada rol oynamış ola bilər”.
Avraham Şmuleviç
Şmuleviç bildirib ki, İsraildə bir çox siyasətçi Azərbaycanın narahatlığını tam anlamır. Onun sözlərinə görə, söhbət Azərbaycan dövlətinin yaranmasından əvvəl – 1915-ci il hadisələrindən getdiyi üçün Bakının bu qədər sərt reaksiya verəcəyini gözləməyənlər az deyil.
“Düşünürəm ki, İsrail siyasətində bir çoxları Azərbaycandan belə kəskin reaksiya gözləmirdilər və bunun nə ilə bağlı olduğunu o qədər də başa düşmürlər”, – deyə o qeyd edib.
Tarixçi hesab edir ki, İsrailin yalnız qondarma “erməni soyqırımı” məsələsini gündəmə gətirməsi məntiqi görünmür. O xatırladıb ki, Birinci Dünya müharibəsi və Rusiya Vətəndaş müharibəsi dövründə yüz minlərlə yəhudi qətlə yetirilsə də, İsrail bu hadisələrin soyqırımı kimi tanınmasını tələb etməyib.
“Buna görə də digərlərini unutduğumuz halda, erməni soyqırımının tanınması fikri qəribədir”, – deyə Şmuleviç vurğulayıb.
Onun sözlərinə görə, bu yanaşma uzun illər əsasən solçu siyasi dairələrin gündəliyində olub və bunda erməni diasporunun sosialist yönümlü təşkilatlarının da təsiri hiss olunub.
Şmuleviç, həmçinin “erməni soyqırımı”nın tanınması prosesinin tam dayandırılması ilə bağlı yayılan məlumatların hələlik rəsmi qərarla təsdiqlənmədiyini vurğulayıb. Onun sözlərinə görə, məsələ ilə bağlı hökumətin qərarı qüvvədə qalır və Knessetin gündəliyindədir. Növbəti hökumət bu məsələni arxa plana keçirə və ya ləğv edə bilər, lakin bunun üçün ayrıca qərar qəbul edilməlidir.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul