israil ordu asker afp 2122483

İsrail ordusu Hizbullahın hərbi qanadının liderinin öldürülməsindən sonra ölkənin şimalında genişmiqyaslı hərbi hazırlığa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “i24News” məlumat yayıb.

Bildirilib ki, 10 mindən çox hərbçinin iştirak etdiyi təlimlər ordunun müxtəlif ssenarilərə və gözlənilməz hadisələrə operativ reaksiyasını yoxlamağa xidmət edir.

Nəşrin iddiasına görə, bir neçə gün davam edəcək təlimlər əvvəlcədən planlaşdırılsa da, Heysəm Əli Təbatəbainin Beyrutun cənubundakı Dahiya bölgəsində hava zərbəsi nəticəsində öldürülməsindən sonra xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

İsrail ordusu mümkün cavab zərbələrinə hazırlıq çərçivəsində şimal bölgəsində hava hücumundan müdafiə sistemlərini gücləndirib, hərbi hissələrdə xəbərdarlıq səviyyəsini artırıb.

Adı açıqlanmayan hərbi mənbə yerli mediaya bildirib ki, Livandan raket hücumu ehtimalı nəzərə alınaraq bütün kritik nöqtələrdə müşahidə və müdafiə tədbirləri sərtləşdirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: