1672340452 muxtar memmedov

Elm və təhsil nazirinin müavini Muxtar Məmmədovun Azərbaycanın İsraildəki səfiri təyin edilməsi maraqla qarşılanıb. Ekspertlər bunun həm məsuliyyətli, həm də riskli bir vəzifə olduğunu bildirirlər. Məsələ ondadır ki, İsraildə səfir işləmək terrora yaxın olmaq deməkdir. İsrailin ətrafında İrana bağlı silahlı qruplaşmaların da olduğunu nəzərə alsaq, bəzi suallar yaranır:

1. Muxtar Məmmədovun Azərbaycanın İsraildəki səfiri təyin olunmasında hansı üstün göstəriciləri rol oynayıb?

2. Səfirimizin təhlükəsizliyini İsrail dövləti təmin edəcək, yoxsa Azərbaycan tərəfi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Muxtar Məmmədov ona həvalə edilən vəzifənin öhdəsindən layiqincə gələcək:

“Azərbaycanın İsrailə səfir təyin etməsi tarixi hadisədir. Bu, iki ölkənin münasibətlərinin inkişafı üçün mühüm addımdır. İsrail bizim strateji tərəfdaşımız, müttəfiqimizdir. İki ölkə arasında enerji, hərbi, iqtisadi və siyasi sahədə yüksək əlaqələr mövcuddur. Xüsusilə qeyd edim ki, İsrail bir çox ölkəyə satmadığı strateji silahları bizə satır.

O ki qaldı bu ölkəyə səfir təyin edilən Muxtar Məmmədova, deyə bilərəm ki, o, kifayət qədər təcrübəli, savadlı və peşəkardır. Bu çətin işin öhdəsindən gələcəyinə əminəm. Özü də başa düşür ki, İsrailin yerləşdiyi region çətin siyasi proseslərin getdiyi və təhlükə, risk göstəricisi yüksək hesab edilən coğrafiyadır. Xüsusilə də regionda İrana bağlı Hizbullah, HƏMAS kimi radikal hərbi birləşmələr fəaliyyət göstərirlər. Bu isə öz növbəsində terror riskini, sui-qəsd kimi ehtimalları aktuallaşdırır”.

Politoloqun sözlərinə görə, Vyana Konvensiyasına əsasən, hər bir ölkə ərazisindəki xarici ölkə səfirliklərinin təhlükəsizliyini qorumağa borcludur:

“İsrail kifayət qədər güclü, təcrübəli ölkədir. Hesab edirəm, səfirimizin təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək. Bu məsələdə narahatlığa heç bir əsas yoxdur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: