İsraildəki etirazlar ölkəni vətəndaş müharibəsinə aparır – Ekspert səbəbi göstərdi

“İsraildə baş verən etiraz aksiyaları müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsi ilə bağlı deyil”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Vüqar Zifəroğlu İsraildə baş verən irimiqyaslı aksiyalar haqda danışarkən deyib.

Onun sözlərinə görə, baş verən aksiyaların əsas səbəbi Netanyahu hökumətinin məhkəmələrin səlahiyyətlərini məhdudlaşdırmaq üçün islahatlar aparmaq məqsədi ilə qanun layihəsi təqdim etməsi ilə bağlıdır:

Vüqar Zifəroğlu

“Belə ki, yeni dəyişikliklərə görə hökumət hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır.
Onu da deyim ki, baş verən aksiyalar ilk belə hal deyil. İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb və layihə fevralın 20-də birinci oxunuşda qəbul edildikdən sonra, daha kütləvi xarakter alıb. Bu səbəbdən qanunun ikinci və üçüncü oxunuşlarının olmayacağı ilə bağlı parlamentin qanun komissiyasının qərar verdiyi bildirilir”.

Politoloq Şahin Cəfərli isə qeyd edib ki, ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri (ultraortodoks) əzəcək, ya da ultraortodokslar sekulyarları əzib, Qalaxa qanunları əsasında dini rejim quracaq:

Şahin Cəfərli

“Üçüncü yol görünmür. Bu 2 tip yəhudilərin bir arada yaşamaq imkanları getdikcə tükənir. Ultraortodoksların sürətli populyasiyası dünyəvi dövlət sistemi və sekulyar həyat tərzi üçün həyati təhdiddir. Hazırkı böhran yoluna qoyulsa belə, “kim kimi” sualı gec-tez mütləq öz həllini tapmalıdır. Yəni vətəndaş müharibəsi tam real perspektivdir”.

Turan Rzayev
Globalinfo.az