İsrail yeni planı aktivləşdirdi: 2005-ci ildə olduğu kimi…

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə anklav ərazisinin təxminən 16 faizini tuta biləcək təhlükəsizlik bufer zonası yaradır. Bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Məlumata əsasən, sərhəd boyu bufer zolağının eni təxminən 1 km olması, Qəzza zolağının şimal və cənub olmaqla, 2 hissəyə bölünməsi planlaşdırılır.

Həmçinin İsrail qüvvələri sektoru qərbdən şərqə doğru keçən və əhalinin hərəkətinə nəzarət etməyə imkan verən daha bir xüsusi zolaq – “Netzarim dəhlizi” yaratmağı düşünür.

Maraqlıdır, İsrailin bu zolağı yaratmaqda məqsədi nədir? Bunun hansı fəsadları olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Kənan Rövşənoğlu deyib ki, İsrailin məqsədi aydındır:

“Rəsmi Təl-Əviv Qəzzanı tamamilə nəzarətə götürüb, 2005-ci ildə olduğu kimi işğal altında saxlamaq istəyir. Hesab edirəm, hərbi əməliyyatların əsas məqsədi budur.

Hazırda Misir-Qəzza sərhədindən başqa zolağın qalan bütün xarici çıxışlarına İsrail ordusu nəzarət edir. Ancaq zolağın daxilində bir neçə yaşayış məntəqəsində müqavimət davam edir. Rəfah şəhəri isə yalnız hava zərbələri ilə vurulur. İsrail bu şəkildə Qəzza zolağının içərisində “dəhlizlər” yaratmaqla müqavimət qrupları arasında bağı qırmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az