İsrail Ukrayna ilə bağlı mövqeyini dəyişir – böyük savaş başlayır

Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İsrail son vaxtlar Ukrayna ilə bağlı mövqe dəyişikliyi edir. Bəzi ekspertlərin fikrincə, ABŞ-ın ciddi təzyiqi altında İsrail, Ukraynaya silah yardımına başlamalıdır. İsrailin “İron Dome” raketdən müdafiə sistemi və “Merkava” tanklarının Ukraynaya verilməsi də gözlənilir. Görünür, müharibənin 1 ilinə hazırlıq gedir.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Rusiya ilə Ukrayna arasında gedən döyüşlərin daha da aktivləşəcəyini bildirib.

Onun sözlərinə görə, Rusiyanın ucuz İran dronlarından istifadə etməsi, İranın qeyri-rəsmi olaraq Rusiya tərəfində olması deməkdir:

Əhəd Məmmədli

“Bu vaxta qədər müharibədə neytral qalan İsrail, artıq Ukrayna ilə hərbi əməkdaşlıq haqqında anonslar verməyə başlayıb. Zelenskinin İsrail cəbhəsində də bu aktivlik müşahidə olunur. Çünki hazırda Ukraynaya silah hava və su kimi lazımdır.

Bildiyimiz kimi, Rusiya Dombas istiqamətində hücuma keçib və az da olsa irəliləyir. İndi Ukrayna hər ölkədən mümkün dərəcədə silah toplayır ki, Rusiya hücumunun qarşısını ala bilsin. Görünür və gözlənilir ki, Rusiya daha da böyük hücuma hazırlaşır. Bu il Rusiya ilə Ukraynanı qızğın döyüşlər gözləyir. Zelenskinin aktivliyini də bununla əlaqələndirirəm”.

Zaira Akifqızı
Globalinfo.az