Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bazar günü axşamı ordu və Ümumi Təhlükəsizlik Xidməti HƏMAS-ın planlaşdırma və inkişaf bürosunun rəhbəri olan Salah əl-Bərdəvilin Qəzzanın cənubunda məhv edib”, – deyə ordudan məlumat verilib.
Qeyd edək ki, daha əvvəl “Al Hadath” telekanalı əl-Bərdəvilin öldürüldüyü xəbərini yaymışdı. Salah əl-Bərdəvil Fələstinin qanunverici şurasının üzvü və HƏMAS hərəkatının Xan Yunis şəhərindəki rəsmi nümayəndəsi idi.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarına yenidən başladığını elan edib, genişmiqyaslı hava zərbələri endirilib. İsrailin Baş naziri Benyamin Netanyahunun kabineti bildirib ki, bu əməliyyatın məqsədi bütün girovların azad edilməsi olub.
HƏMAS hərəkatı isə döyüşlərin yenidən başlanmasına görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə atıb.
Aysel Əliyeva
Globalinfo.az