İsrail ordusunun geri çəkilməsinin səbəbi – Müharibə başa çatır?

İsrail ordusu (ÇAXAL) Qəzzada nəzarətə götürdüyü müəyyən ərazilərdən geri çəkilib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Belə ki, ÇAXAL Qəzzanın şimal-qərbindəki Əl-Makusi bölgəsindən anklavın ən şimal zonası Beyt-Lahiyadakı Amerikan Məktəbi ərazisinə doğru geri çəkilib. Ordu birliklərinin iki kilometrə qədər geri çəkildiyi iddia edilir. Bununla da İsrail texnikaları 27 oktyabrda quru əməliyyatına başladığı nöqtəyə qayıdıb.

İsrailin geri çəkilməsinə səbəb kimi İzzəddin Əl-Qassam Briqadasının intensiv hücumları və müqavimət əməliyyatları göstərilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail komandanlığı məqsədini elan edib:

“Müharibə Qəzza tam nəzarətə götürülənə və HƏMAS sıradan çıxarılana qədər davam edəcək. Ordunun yerdəyişmələri əməliyyat şəraiti və döyüşlərlə bağlıdır. İsrail ordusu bu gecə də əməliyyatları davam etdirib.

HƏMAS və digər müttəfiq qruplar İsrailə ciddi müqavimət göstərir, ancaq kadrlardan görünür ki, ordu Qəzza şəhərinə daxil olmayıb. Düşünürəm, bu, risklərlə əlaqəlidir. İsrail Qəzza şəhərində onu hansı “sürprizlər” gözlədiyini bilmədiyi üçün bura daxil olmur. Bu şəhər, demək olar ki, viran qoyulub, dağıntılar arasında, xüsusən də tunellərdə gizlənmiş HƏMAS döyüşçülərinin şəhər əməliyyatında ciddi müqavimət göstərməsi riski yüksəkdir. Təcrübə göstərir ki, şəhər əməliyyatları çox risklidir.

Kənan Rövşənoğlu

İsrail ordusu Qəzzanın şimal və cənubunu biləşdirən Səlahəddin magistralını ələ keçirib zolağı ikiyə bölməklə təminatı və dəstəyi kəsmək, aramsız bombardmanlarla HƏMAS-ın müqavimət imkanlarını zəiflətməyə çalışır. Komandalıq “yorma” həmlələri ilə HƏMAS-ı məğlub etməyi planlaşdırıb, lakin qeyd etdiyim kimi, hazırda şiddətli döyüşlər gedir və əməliyyatların dayanması ehtimalı yüksəkdir. Çünki həm mülki itkilərin sayı, həm də İsrailə qarşı beynəlxalq təzyiqlər artır. Artıq ABŞ rəhbərliyi də atəşkəs və danışıqlar təklifini irəli sürüb. Yəni İsrailin əməliyyatı uzun müddət davam etdirməsi ehtimalı günü-gündən azalır”.

Turan Rzayev
Globalinfo.az