ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra Yaxın Şərqdə gərginliyin yenidən artacağı gözlənilir. İsrail və ABŞ tərəfinin İrana yönəlik səsləndirdiyi hücum çağırışları, həmçinin hərbi əməliyyat planları ilə bağlı yayılan məlumatlar narahatlığa səbəb olub.
Bu dəfə meydana gələcək hərbi qarşıdurmanın regional deyil, qlobal miqyasda təhlükəsizliyə təhdid yaradacağı güman olunur.
ABŞ-İsrail birliyi ilə İran arasında yeni qarşıdurmanın nəticəsi necə olacaq?
Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, İsrail öz strateji hədəflərinə tam şəkildə çata bilməyib:
“İran və İsrail bir-birinin təhlükəsizliyinə açıq təhdid təşkil edir. Bu, artıq heç kim üçün sirr deyil. Müharibədən əvvəlki və sonrakı vəziyyətə baxdıqda ciddi dəyişikliyin olmadığını demək mümkündür. Bu da tərəflərin bir-biri üçün hələ də təhlükə yaratdığını göstərir. Yəni hərbi əməliyyatlar hər an başlaya bilər.
Vaşinqton üçün əsas prioritet sülhün təmin olunmasıdır. Lakin İsrail bu mövqedə deyil. Təl-Əviv hədəflərinə tam çatmadıqca geri çəkilmək niyyətində görünmür.

Zaur Məmmədov
Buna baxmayaraq, bir reallıq da var: İsrail ABŞ-ın dəstəyi olmadan bu müharibəni uzun müddət apara bilməz. Ona görə də istənilən eskalasiya regional yox, daha geniş güc balansını əhatə edəcək”.
Turan Rzayev
Globalinfo.az