İsrail fəlakət ssenarisini elan etdi – Hersoqun açıqlamasının dəhşət vəd edən şifrələri

İsrail Prezidenti İshaq Hersoq deyib ki, dinc sakinlərin çəkdiyi iztirablara baxmayaraq, HƏMAS-a qarşı mübarizə qruplaşma tamam yox edilənə qədər davam edəcək.

Maraqlıdır, HƏMAS-ı məğlub etmək bu qədər asandır? Belə çıxır ki, İsrail uzunmüddətli müharibə proqramına keçib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İsrail HƏMAS-ı Qəzzada məğlub etsə də bütövlükdə yer üzərindən silməsi mümkün deyil:

“Birincisi, HƏMAS ənənəvi təşkilatlar kimi deyil. Misal üçün, “Hizbullah”, “Əl Qaidə”, “Taliban”, İŞİD, Boka Haram kimi təşkilatların strukturu piramida şəklindədir. Yəni bir iyerarxik sistemə sahibdirlər.

Bu tipli ənənəvi struktura malik təşkilatlar ilə müharibə aparmaq mümkündür. Çünki ən yaxşı halda keçiriləcək genişmiqyaslı antiterror əməliyyatları nəticəsində təşkilatın mühüm şəxslərindən birinin ələ keçirilməsi domino effekti yarada bilər. Yəni piramidanın ən altındakı bir şəxsin zirvədəki şəxsləri tanıması belə özündən sonrakıları ifşa edə bilər.

HƏMAS isə bu cür bir quruluşa sahib deyil. İsrail əvvəllər də çox çalışıb HƏMAS-ı məhv etsin. Amma HƏMAS-ın qarışıq iyerarxik sisteminə görə bu baş tutmayıb.

İkincisi, HƏMAS-ın konkret lideri və mühüm şəxslərin adı bəlli deyil. Üzdə olan şəxslərin isə rəhbərliyi tanınmır. Bunun digər bir səbəbi də HƏMAS liderlərinin İran, BƏƏ, Qətər və başqa ölkələrdə yaşaması, məxfi fəaliyyət göstərməsidir. Yəni İsrail bu şəxsləri ələ keçirmək istəyirsə ölkə xaricində antiterror əməliyyatlarına başlamalıdır. Ərəb ölkələri isə çətin ki, buna icazə versin.

Üçüncüsü, İsrail Qəzzada HƏMAS-a qarşı quru əməliyyatlarına başlasa da əməliyyatlar uzunmüddətli və kifayət qədər itkilər ilə müşahidə olunacaq. Belə ki, HƏMAS Qəzzada şəhər, küçə döyüşlərində üstündür. Bundan başqa HƏMAS-ın yer altında kilometrlərlə uzanan tunelləri var. Belə çətin coğrafiyada, xüsusilə də yer altında hərbi əməliyyatlar keçirmək çox çətindir”.

“Nəticə etibarilə İshaq Hersoqun dediyi kimi HƏMAS-ı məğlub etmək o qədər də asan olmayacaq” – Qabil Hüseynli bildirib.

Turan Rzayev
Globalinfo.az