“Neftçi”nin “Beşiktaş”a uduzmasının əsas səbəbləri – Ekspert açıqladı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin Türkiyənin “Beşiktaş” klubuna məğlub olması ictimaiyyətdə müzakirələrə səbəb olub.

İdman şərhçisi İsmayıl Abdullayev Globalinfo.az-a açıqlamasında məğlubiyyətin səbəblərini dəyərləndirib və cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Neftçi”nin məğlub olmasının bir neçə səbəbi var:

“Həm komandaların səviyyə fərqi, həm “Beşiktaş”ın kifayət qədər güclü olması, heyətindəki futbolçuların bir neçəsinin ulduz statusunda olması, bir neçə aparıcı Avropa ölkələri çempionatlarında oynaması, hətta yerli futbolçularının Türkiyə millisində çıxış etməsi, təcrübəli mütəxəssis Şenol Güneş kimi çalışdırıcının varlığı öz sözünü deyir. Amma “Neftçi”nin itkiləri daha çox nəzərə çarpdı.

Məsələn, Eddi İsrafilovun yoxluğu yarımmüdafiə xəttində hiss olunurdu. Müdafiədə, cinahlarda problem var idi ki, Adrian Mutu məcburən bir neçə rotasiya etmişdi. Ömər Buludovun yoxluğunda Azər Salahlı sol cinahda, İsmayıl Zülfüqarlı müdafiənin sağında oynadı və ilk hissədən, xüsusilə də müdafiə xəttindəki səhvlərdən sonra hər kəsin gördüyü kimi, A.Mutu ikinci hissəyə üç əvəzetmə ilə başladı. O, müdafiədəki sistemi rotasiya formasında dəyişməyə çalışdı və bu, əslində, effekt verdi”.

İsmayıl Abdullayev

İ.Abdullayev Ozobiçin ikinci hissədə meydana daxil olmasını dəyərləndirib:

“Düzdür, artıq “Beşiktaş” ilk 30 dəqiqə ərzindəki fəallığı sayəsində iki qol vurmuşdu. Burada bir rahatlıq da ola bilərdi, lakin A.Mutunun ikinci hissədəki əvəzetmələri, rotasiyaları oyuna damğasını vurdu, xüsusilə də Ozobiçin oyuna daxil olması yaxşı mənada diqqət çəkdi. Komandanın hücumlarında, yarımmüdafiə xəttindəki fəallığı ilə vurduğumuz qolda Ozobiçin və sonradan oyuna daxil olan Olanarinin fəallığını da qeyd etmək lazımdır. Azarkeş dəstəyi də mükəmməl idi. Azarkeş oyunun əvvəlindən sonuna qədər komandaya necə lazım idi dəstəyini nümaiş etdirdi. Nə yaxşı ki, dünənki qarşılaşma “Neftçi Arena”da oldu”.

İsmayıl Abdullayev deyib ki, birinci oyunda, xüsusilə də evdəki məğlubiyyətdən sonra 3-cü təsnifat mərhələsində şanslarımız çox azdır:

“Amma düşünürəm ki, cüzi də olsa şans var və bu şansdan, imkandan, fürsətdən maksimum yararlanmaq lazımdır. Elə oyundan sonra Mutu da bildirdi ki, nə qədər çətin olsa da, biz İstanbula qələbə dalınca gedəcəyik, itirəcəyimiz bir şey yoxdur. Təzyiq daha çox “Beşiktaş”dadır, nəinki “Neftçi”də.

Dediyim kimi, cüzi olan şans nə qədərdirsə, ondan maksimum yararlanmaq, inanmaq lazımdır. İtirəcəyimiz bir şey də yoxdur. “Beşiktaş” kimi rəqiblərə qarşı oyunlar, xüsusilə də Avrokubokdakı görüşlər bizim üçün çox yaxşı təcrübədir. Təki bunun effektini görək.

“Neftçi” yenilənməkdə olan komandadır, yeni transferlərimiz oldu, onların da komandaya uyğunlaşması üçün zamana ehtiyacımız var. Bu, bir həftənin, bir və ya iki ayın işi deyil. Sağlıq olsun, bir neçə ay ərzində həm Mutunun istədiyi oyun üslubunu, sxemini, şəklini görəcəyik, həm də bu, nəticələrdə öz effektini verəcək”.

İ.Abdullayev deyib ki, “Neftçi”nin 11 nömrəli yarımmüdafiəçisi Kilan Lebona qarşı cərimə meydançasında müdaxiləyə qayda pozuntusu demək olmaz:

“Orda bəlkə də kontakt var idi, futbol kontakt oyunudur. Düşünürəm ki, hakim epizoda yaxın idi deyə dərhal qapıdan zərbə işarəsini verdi. Emin Mahmudov bir kapitan kimi öz etirazını bildirdi və bunun qarşılığında sarı vərəqə aldı. Ümumilikdə düşünürəm ki, hakim oyunu normal səviyyədə idarə etdi. Oyunun nəticəsinə təsir edəcək hər hansı bir xəta, səhv yox idi”.

İsmayıl Abdullayev deyib ki, cavab oyununda komandamızın dönüş etməsi üçün böyük ehtimalla Mutu əsas heyətdə oyuna Ozobiçlə başlayacaq:

“Əslində, Filip Ozobiçin əsas 11-likdə başlamasını gözləyirdik. Amma hər halda öz bildiyi var idi. Meydana sonradan daxil edərək yorğun “Beşiktaş” müdafiəsini təzyiqdə saxlamaq planını cızmışdısa, bunun nəticəsini də gördük. Fikrimcə, cavab oyununda Ozobiç əsas heyətdə olacaq, bəlkə də sonradan meydana daxil olan Olanarini də əsas 11-likdə görə bilərik. Eddi İsrafilovun durumu isə hələ bəlli deyil. Hazır olsa, yəqin, o da cavab matçında iştirak edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az