İskəndəryan: “Rusiya Ermənistan üçün qarant deyil”

“Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək funksiyasını heç vaxt yerinə yetirməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, erməni cəmiyyəti əvvəllər Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etdiyini düşünürdü. İndi hesab edirlər ki, təhlükəsizlik funksiyasını yerinə yetirəcək başqa dövləti seçmək lazımdır”:

“Amma hər iki tezis səhvdir. Rusiya 2016-cı ildən bu funksiyanı yerinə yetirmir. Onların başı başqa məsələlərə qarışıb, öz qayğıları çoxdur. Bəs Qərb Rusiyanı əvəz edə bilərmi? Əlbəttə yox. Gec-tez özümüz öz təhlükəsizliyimizi təmin etməli olacağıq. Yoxsa vəziyyət daha da pisləşəcək. Bir sözlə, Rusiya Ermənistan üçün qarant deyil”.

Politoloq hesab edir ki, Ermənistan-Azərbaycan məsələsində Rusiya vicdanlı broker ola bilməz:

“Çünki Rusiya bu regionda oyunçudur və neytral ola bilməz. Belə proseslər üçün regionda real marağı olmayan ölkələr seçilməlidir”.

İskəndəryanın fikrincə, Rusiya və Qərb çox kəskin münaqişə vəziyyətindədir. Ona görə də Qərbin istənilən addımı Rusiyada qısqanclığa səbəb olur:

“Cənubi-Qafqaz cəbhəsində Qərb-Rusiya ziddiyyətləri özünü heç bir formada təzahür etdirmir. Odur ki, medianın səs-küyünə uymaq lazım deyil. Rusiya və Qərb ölkələrinin real ziddiyyətləri üçün əsas məkan Ukrayna ərazisidir”, – deyə İskəndəryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az