Son bir ayda İŞİD artıq 3 dəfə Suriya ordusuna hücum edib. Mayın 10-da ordu avtobusuna hücum nəticəsində azı iki nəfər hərbçi ölüb, xeyli sayda yaralanıb.
Mövcud geosiyasi vəziyyətdə İŞİD-in yenidən fəallaşması diqqət çəkir.
Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İŞİD-in birdən-birə fəallaşması elə-belə deyil:
“Yanvarda kürdlər Dəməşqlə barışdıqdan sonra İŞİD-in uzun zaman özünə gələ bilməyəcəyi ehtimal olunurdu. Qruplaşmanın belə sürətli fəallaşması ilə bağlı iki ehtimal var.
Birincisi, mümkündür ki, kürdlər və onların rəhbərləri yoxluqlarının ciddi problemlərə səbəb olduğunu, özlərinə və koalisiyaya hələ ehtiyac duyulduğunu göstərmək üçün İŞİD-i ortaya buraxır.
İkinci ehtimal isə BƏƏ və Səudiyyə Ərəbistanı arasında soyuq münaqişədir. Hansı ki, buna qədər Yəməndə, Sudanda oldu, son hadisələrdə də müşahidə edilir.

Kənan Rövşənoğlu
Bilindiyi kimi, Suriya və Livanda mandat Səudiyyə Ərəbistanına verilib, ər-Riyadın iki ölkədə təsiri güclənib. Ancaq son müharibə nəticəsində münasibətlər pozulub.
Hətta Suriya Prezidenti Əhməd Əl Şara dedi ki, İran təslim olsaydı, İsrail Dəməşqə hücum edəcəkdi. Eyni şəkildə Livanda da mərkəzi hökumət “Hizbullah”la toqquşmaya getmədi, Yəni ən azı qarşıdurma zəiflədi.
Görünür, İŞİD-in fəallaşması da Səudiyyə Ərəbistanı və BƏƏ arasında, ümumilikdə Körfəzdə yüksələn gərginliklə əlaqədardır. Güman ki, bu gərginlik daha da artacaq”.
Turan Rzayev
Globalinfo.az