Gözardı edilən 1920-1922-ci il xəritələrində nə var? – İrəvanın yeni oyunu

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi çərçivəsində müzakirə olunan məsələlərdən ən önəmlisi qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır. Bu mövzu ətrafında zaman-zaman müxtəlif xəritələr gündəmə gətirilir, təkliflər irəli sürülür. Son olaraq dövlət sərhədində delimitasiya komissiyalarının iclasında da sözügedən məsələ gündəmə gəlib.

Bundan əvvəl isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu toplantısında fikirlər səsləndirib. O, 1991-ci ilə əsaslanan ərazi bütövlüyünün Almatı Bəyannaməsi əsasında qarşılıqlı şəkildə qeyri-müəyyənlik olmadan tanınması və eyni zamanda SSRİ Baş Qərargahının 1974-78-ci il xəritələrinə əsaslanan Ermənistanla Azərbaycan arasında ən son və qanuni dövlət sərhədinin demarkasiyası istiqamətində səsləndirdiyi fikirlər isə maraq doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, 1974-78-ci il xəritələrinə əsaslanmaq Azərbaycan üçün uğurlu deyil:

“1991-ci il Almatı Bəyannaməsi qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına yönəlib. Azərbaycanın buna razılıq verməsi SSRİ dönəmində mövcud olan Azərbaycan əraziləri ilə razılaşması deməkdir. Lakin buraya 1920-22-ci illərdəki Azərbaycan ərazisi daxil edilmir.

Faiq Ələkbərli

Ermənistan rəsmilərinin israrla həmin xəritələri gündəmə gətirməsində əsas məqsəd vaxtilə Azərbaycan ərazilərindən müxtəlif illərdə Ermənistana hədiyyə edilmiş torpaqların yenə də onlarda qalması arzusudur.

SSRİ yarandığı vaxt Ermənistan ərazisi təxminən 10 min kvadrat kilometr idi. Onlar da bu əraziləri genişləndirməyə çalışdılar. Qeyd edim ki, 1920-ci il 28 apreldən 1922-ci il 30 dekabra qədər Azərbaycan əraziləri 114 min kvadrat kilometrə yaxın olub.

Rəsmi İrəvan istəyir ki, Azərbaycan 86.6 min kvadrat kilometr ərazisi ilə kifayətlənsin, lakin bizim üçün ən uğurlu xəritə 1922-ci ilin dekabr ayına qədər mövcud olan xəritədir”.

Safura Bənnayeva
Globalinfo.az