Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin rəsmən başladılması elan edildikdən sonra bu istiqamətdə müzakirələr daha da artıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın hakim Mülki Müqavilə Partiyası bu mövzuda təqdim edilmiş qanun layihəsini dəstəkləyəcəyinin anonsunu verib.
Partiyanın deputatı Artur Ovanisyan sözügedən qanun layihəsinin qəbulunun məntiqli olacağını söyləyib:
“Mən indi qərarla bağlı deyil, məntiq barədə danışıram. Bəli, düşünürəm ki, bu layihə dəstəklənməlidir. Biz prosesə hər hansı maneə görmürük”.
Müxalifət isə parlamentdə bu məsələyə qarşı çıxıb. Keçmiş prezident Robert Köçəryanın rəhbəri olduğu “Hayastan” fraksiyasının üzvü deputat Arçvik Minasyan Ermənistanın Aİ-yə üzvlük layihəsini avantüra və saxta gündəm adlandırıb. Bununla belə o, sənədin təsdiqlənməsinin İrəvanı geosiyasi seçim qarşısında qoymadığını deyib:
“Mövcud hakimiyyət məsələni qabardaraq, indiki geosiyasi şəraitdə Ermənistan üçün ağır vəziyyət yaradır. Qanun layihəsi erməni cəmiyyətini bölə, yeni gərginlik ocaqları yarada bilər”.
Lakin İrəvan hökuməti artıq layihəyə rəsmi dəstəyini açıqlayıb. Buna baxmayaraq Rusiya da qanun layihəsinə qarşı çıxıb. Moskva bildirib ki, Ermənistanın Aİ-yə getməsi, onun Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı olacaq.
Əliyar Xəlil
Globalinfo.az