ir%C9%99van

Ermənistanda Rusiya telekanalları nifrət toxumu səpməkdə və qərəzə yol verməkdə ittiham olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Komissiyasının yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Rusiyanın “Birinci Kanal”ı, və “RTR-Planeta” vaxtaşırı Ermənistan-Rusiya əməkdaşlığının ruhuna zidd olan nifrət mühiti yaradır.

Komissiya xatırladıb ki, Ermənistan və Rusiya hökumətləri tərəfindən 2020-ci ildə imzalanmış kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında saziş iki ölkə arasında dostluq əlaqələrinin inkişafını nəzərdə tutur. Bununla belə, sənəddə qeyd olunduğu kimi, Rusiya telekanallarında bir sıra verilişlər mütəmadi olaraq həm müqavilənin şərtlərini, həm də Ermənistan qanunlarını pozur. Tənzimləyicinin sözlərinə görə, bəzi proqramlarda erməni xalqına, dövlət qurumlarına və ölkə vətəndaşlarına ünvanlanan təhqiramiz ifadələr yer alır.

Tənzimləyici müqavilənin Rusiya telekanallarının Ermənistanın daxili işlərinə qarışmamağı öhdəsinə götürməsi ilə bağlı bəndə xüsusi diqqət yetirib. Praktikada bu tələbin sistematik şəkildə pozulduğu bildirilib. Yayımlanan verilişlərdə dezinformasiya, faktları əvəz edən emosional və aqressiv ifadələr, zorakılığa haqq qazandırmaq cəhdləri yer alır.

Qeyd olunur ki, rusiyalı tərəfdaşlarla dialoq qurmaq cəhdlərinə baxmayaraq, kanallar narahatlıq doğuran məzmunlar yayımlamaqda davam edir.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: