İrəvandan intihar kimi qərar – “Ermənistana baha başa gələcək”

Rusiya-Ermənistan münasibətləri gərginləşməkdə davam edir. İstər Moskva, istərsə də İrəvandan verilən bəyanatlarda aqressiv və eyhamlı ritorika müşahidə olunur. Ermənistanın anti-Rusiya mövqeyinə Moskvanın sakit yanaşması isə maraq doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən bir neçə ay sonra Rusiya ilə isti münasibətlər qurdu:

“Ardınca isə onu hakimiyyətə gətirən Soros Fondunun tapşırıqlarını icra etməyə başladı. Bu göstərişlərin başında elə Paşinyanın Rusiyaya qarşı mövqe sərgiləməsi dayanırdı. Dövlətdə kadr islahatları həyata keçirən Nikol yavaş-yavaş həmin tapşırığı icra etməyə başladı. Hakimiyyətə gətirilən həmin şəxslərin ilk addımı Rusiyanı ittiham etmək oldu. Uzun illər ərzində rəsmi Moskvanın hesabına regionda bir dövlət kimi mövcud olan Ermənistan yeni sahib tapdıqdan sonra Rusiyaya xəyanət etdi. Moskva öz mövqeyini dəfələrlə dövlət səviyyəsində bildirib. Ermənistan isə qorxaraq üstüörtülü şəkildə fikir bildirir”.

Politoloqun fikrincə, Rusiya-Ermənistan münasibətlərinin hansı səviyyədə olması Azərbaycan üçün əhəmiyyət daşımır:

“Azərbaycan qısa müddətdə sülh müqaviləsinin imzalanmasını istəyir. Burada vasitəçilikdə maraqlı olan Rusiyanın addımlarını dəstəkləyir. Moskvanın sülh müqaviləsinin imzalanması istiqamətində növbəti dəfə səy göstərməsini gözləyir. Qərb xüsusən də Fransa bu məsələdə gərginlik yaratmaq, yenidən münaqişəni alovlandırmaq, Ermənistanı silahlandırmaq kimi planlar sərgiləyir. Bu istiqamətdə bir sıra beynəlxalq təşkilatları alət kimi istifadə edərək siyasi şou düzəldir. Prezident İlham Əliyev də vurğulayıb ki, Rusiyanın sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar daha inamlıdır, nəinki Qərbin sülhə olan təsiri”.

Ramiz Alıyev qeyd edir ki, Rusiya ilə oyun oynamaq İrəvana baha başa gələ bilər:

“Ermənistan daim Rusiyanın himayəsində olub. İndi ona xəyanət edərsə, cavabını da alacaq. Rusiya ilə normal münasibət qurulduğu halda heç bir problemlə üzləşməyəcəklər”.

Safura Bənnayeva
Globalinfo.az