
Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrda COP29 sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi xəbəri yenidən gündəmə gəlib. Burada ortaya bir neçə sual çıxır: Sülh sazişi imzalanmadan Paşinyan Azərbaycana gələrmi?
Onun burada təhlükəsizliyinə Azərbaycan dövləti ilə yanaşı başqa hansı dövlətlər qarant dura bilər?
Ümumiyyətlə, Paşinyandan başqa, sammitdə iştirak etmək üçün Ermənistan prezidenti Vaaqn Xaçaturyan və digər vəzifəli şəxslər də gələ bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımov deyib ki, COP29 beynəlxalq tədbir olduğu üçün burada təhlükəsizlikdən tutmuş, digər xırda incəliklərinə qədər sammiti təşkil edən qurumlar təminat verirlər.
Onun sözlərinə görə, Paşinyan Bakıya gəlmək qərarı verərsə, rahat şəkildə gələ bilər:
“Əgər Ermənistan COP29 tədbirinin Bakıda keçirilməsinə səs veribsə, deməli, Paşinyanın gəlişi də asanlıqla reallaşa bilər. Ermənistanın daxili siyasətində ab-havanın necə olacağı da maraqlıdır. Biz bilmirik onlar bunu hansı formada dəyərləndirəcəklər. Həm də mövzu Ermənistan-Azərbaycan arasında olan müzakirə məsələsi deyil axı, qlobal problemdir. İqlimlə bağlı problem yalnız Azərbaycanı deyil, bütün dünyanı əhatə edir. Bunların tərkib hissəsində Ermənistan da var. Bu məsələ yalnız bizi yox, İrəvanın özünü də narahat etməlidir. Fikrimcə, Paşinyanın Azərbaycana gəlişi çox da ajiotaj yaradacaq mövzu deyil. Gələ də bilər, gəlməyə də. Gəlsə, təbii ki, burada bir sıra məsələlər müzakirə olunan zaman o da kənarda qalmaz, sənədlərə imza atar və s. Bu məsələni qəlizləşdirməyə ehtiyac yoxdur. Gələr, lap yaxşı, gəlməzsə də, bizim üçün heç bir problem yaratmır. Onun yerinə digər vəzifəli şəxslərin gəlməsi də mümkündür”.

T.Qasımov deyib ki, sülh sazişi imzalanmasa belə, Ermənistandan Azərbaycana vəzifəli şəxslər gələ bilərlər:
“COP29 sammitinin sülh müqaviləsilə heç bir əlaqəsi yoxdur. Hətta sülh məsələsi gündəmdə olmadığı illər Ermənistan parlamentindən tutmuş, keşişinə qədər Azərbaycana gəlib və beynəlxalq konfranslarda, tədbirlərdə iştirak ediblər. Bizimkilər də həmçinin, deputatlardan tutmuş, digər rəsmi şəxslərə qədər Ermənistana gediblər. COP29 böyük beynəlxalq statuslu sammitdir. Əgər Azərbaycanın öz təşəbbüsü ilə tədbir keçirilsə və Paşinyan da orada iştirak edərsə, bu, hardasa problem yarada bilər. Yox, beynəlxalq qurum qərar veribsə ki, tədbir Azərbaycanda keçirilsin, o zaman iştirak edib-etməməklə bağlı özləri qərar verə bilərlər. Amma gəlsələr, heç bir problem da yaşana bilməz”.
Ekspert Paşinyan gəlmədiyi halda başqa şəxslərin gələ bilməsinin mümkünlüyündən danışıb:
“Nikol Paşinyanı əvəz edəcək digər rəsmilər də COP29 tədbirinə gələ bilərlər. Hər şey mümkündür. Məsələn, Paşinyan parlamentin spikeri Alen Simonyanı və ya xarici işlər naziri Ararat Mirzoyanı, onlar olmasa da, ekologiya və təbii sərvətlər nazirini göndərə bilər və bu, normaldır. Hətta Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın da gəlməsi mümkündür. Çünki onlarda prezident elə də böyük rol oynamır. Ermənistanda idarəçilik sistemində əsas baş nazirdir”.
Bu da sizə maraqlı ola bilər: Bu ərazi Azərbaycanın nəzarətinə keçdi – İLK FOTO
Zaira Akifqızı
Globalinfo.az