Generalın sərt xəbərdarlığına İrəvandan cavab gəldi

“Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması prosesində daha konstruktiv rol oynaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

XİN rəsmisi Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müdafiə komitəsinin sədri Hulusi Akarın Azərbaycanda səfərdə ikən dediyi “Ermənistan səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək” fikrinə münasibət bildirib.

V.Kostanyan Ankara və İrəvan arasında münasibətlərin qaydasına salınmalı olduğunu qeyd edib:

“Türkiyə və Ermənistan arasında münasibətlərin nizamlanması prosesi çərçivəsində əldə edilmiş razılaşmalar həyata keçirilməlidir. Üçüncü ölkə vətəndaşları, diplomatik pasporta malik şəxslər üçün sərhədlər açılmalıdır. Bu İrəvanın Ankara və Bakı ilə əlaqələrinin tənzimlənməsinə müsbət təsir edəcək”.

Ayşən Mustafa
Globalinfo.az