İrəvanda polis idarəsinə silahlı basqın: terrorçuluq maddəsilə cinayət işi açıldı

İrəvanda polis idarəsinə silahlı basqına görə cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, polis bölməsində baş verən partlayış nəticəsində içəri girənlərdən ikisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Sonuncu qeyd olunan cinayətin açıq-aşkar törədilməsində əsaslı şübhələr əsasında saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan polisinin Nor-Nork inzibati ərazi dairəsi üzrə şöbəsinə 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayış törətməsi faktı ilə bağlı dövlət əleyhinə cinayətlərin istintaqı baş idarəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən (terrorçuluq) cinayət işi başlanıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bildirib ki, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.