Yanvarın əvvəlində mühüm hadisələr olacaq – Politoloqdan anons

Qarabağ separatçıları Ermənistanda fəaliyyətlərini davam etdirirlər. Keçmiş qondarma qurumun “liderləri”nin təcridxanada olduğunu nəzərə alsaq, bu təhdid kimi görünmür, lakin ciddi yanaşılmalı məsələ hesab edilir. Xüsusilə də onların bu fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesinə ciddi maneə ola bilər.

Maraqlıdır, rəsmi Bakı separatçıların “nümayəndəliyinin” qapatmasını İrəvandan tələb edəcəkmi? Bu baş verməsə, Azərbaycan hansı addımları ata bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyinin” fəaliyyətini davam etdirməsi qəbuledilməzdir:

“Çünki həmin “nümayəndəlikdə” təxribatçı açıqlamalar verilir, toplantılar keçirilir. “Nümayəndəlikdə” toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır.

Elxan Şahinoğlu

Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvarın əvvəli qapatmağı planlaşdırır. Radikal müxalifət Qarabağ klanı ilə birgə buna mane olmağa çalışacaq.

Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyinin” fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək”.

Turan Rzayev
Globalinfo.az