İrəvanda çevriliş təşvişi: Moskva Paşinyanın devrilməsinə start verib?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsini tənqid etməsi, İrəvanda təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, Zaxarovanın KTMT-nin öz missiyasının Ermənistana göndərməyə hazır olması bəyanatına İrəvan dərhal cavab verib. Paşinyanın yaxın kadrlarından sayılan Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan vasitəsilə Moskvanın təhdidinə tələsik cavab göndərən İrəvan Ermənistanın hələ də KTMT missiyasından imtina etmədiyini bildirib.

Dünən həmçinin TASS-a danışan Arutyunyan bir sıra müxalif politoloqların Paşinyanın Ermənistanı KTMT-dən çıxarmağa hazırlaşdığı iddialarını təkzib edib:

“Belə fikirlər həqiqəti əks etdirmir. Bizim baş nazir qeyd edib ki, KTMT-dən ayrılmaqdan söhbət belə gedə bilməz. Belə qeyri-stabil dönəmdə bizim münasibətlərimiz dərinləşir və dərinləşəcək”.

Arutyunyanın açıqlaması ilə kifayətlənməyən İrəvan təcili digər həmləni də edib. Belə ki, Ermənistan baş nazirinin diasporla iş üzrə baş səlahiyyətli köməkçisi Zare Sinanyan Zaxarovanın açıqlamasından dərhal sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə telefonla danışıb. Tərəflər Rusiyadakı erməni icmasının vəziyyəti, eləcə də rusiyalıların Ermənistandakı fəaliyyəti barədə fikir mübadiləsi aparıblar. Maraqlı olan məqam telefon danışığının həm də Rusiyadakı erməni icması ilə Paşinyan arasında münasibətlərin kəskinləşdiyi dönəmə təsadüf etməsidir. İrəvanı qorxudan əsas məqam Moskvanın bu icmanın nümayəndələrini Ermənistanda prosesləri qarışdırmaq üçün istifadə edəcəyidir. Ən azından Rusiyadakı ermənilərin lideri sayılan Ara Abramyan 2020-ci ildən baş nazir olmaq istədiyi iddialarını irəli sürür ki, onu da erməni diasporunun dəstəkləmək ehtimalı böyükdür. Paşinyan həmçinin Moskvanın bunun üçün Rusiyadakı erməni milyarderlərdən istifadə edəcəyindən çəkinir. Ən azından bu milyarderlərin birbaşa və dolayısı yolla İrəvandakı hakimiyyət dairələrinə güclü təsiri mövcuddur. 2022-ci ildə Rusiyadan İrəvana edilən transfertlərin həcminin üç dəfə artaraq, 2,3 milyard dollara çatması və onun yaşanan gərginlik fonunda kəsilmə ehtimalı İrəvanda Rusiyanın çevriliş təşkil edəcəyini qorxusunu bir qədər də artırır.

Bütün qorxulara və Moskva istiqamətində verdiyi pozitiv bəyanatlara rəğmən Paşinyan administrasiya Rusiyadan uzaqlaşma kursunu davam etdirdiyini hələ də gizlədə bilmir. Belə ki, hakim Mülki Müqavilə Partiyasının əsas dayaqlarından sayılan “Yerkrap”ın rəhbəri Sasun Mikayelyan bu gün çıxış edərək, Rusiyanın ünvanına tənqidlər səsləndirib. Mikayelyan Laçın yolundakı vəziyyətin Rusiyasız yaranacağı fikrinə inanmadığını deyərək, Moskvanın özünün bu yolu bilərəkdən bağlı saxladığına eyham vurub. O həmçinin Rusiyanı Qarabağa digər sülhməramlı birliklərin gəlməsinə mane olduğunu söyləyib:

“Əgər Rusiya indi də deyirsə ki, hər şeyi həmsədrlər çərçivəsində nizamlamaq lazımdır, o zaman niyə yalnız Rusiya sülhməramlılarını buraya gətirib? Mən başqa sülhməramlıların da gəlməsini vacib sayıram, çünki indi mövcud olan bizim ziyanımıza birtərəfli addımlar atırlar”.

Moskva isə baş verənlər fonunda ölkə daxilindəki aktivliyini bir qədər də yüksəldib. Ordu günü münasibətilə baş nazirə qarşı rusiyayönlü müxalifətin kəskin bəyanatlarının təşkilindən sonra İrəvanda həmçinin Edqar Kazaryanın rəhbərliyi ilə mitinq keçirilib. Maraqlı məsələ odur ki, canlı yayımda ermənilərə müraciət edən Kazaryan İrəvanın Rusiya ilə münasibətlərinin pozulduğunu və mövcud liderlərdən heç kimin artıq İrəvanı xilas edə bilməyəcəyini söyləyib:

“Hakimiyyət və liderlərimiz bizim xalqın beynini 4 il ərzində necə yuyublar? Hər kəs bizim beynimizi yuyub ki, liderimiz ya Nikol, ya Serj, ya da Köçəryan olacaq. O zaman mənə izn verin, hamınızı məyus edim. Serj və Köçəryan da hakimiyyətdə təmsil olunmayacaq. Onlar edəcəklərini edib və gediblər, Nikol isə özünün Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə birgə mühakimə olunacaq. Onların diplomatiyası sayəsində bizimlə dost olan ölkələr nəinki bizimlə, həm də bir-biriləri ilə düşmən oldular”.

Qeyd edək ki, Zaxarova dünənki açıqlamasında Avropa İttifaqının mülki missiyasını tənqid edərək, onun bölgəyə sülh gətirməyəcəyini, əksinə, vəziyyəti gərginləşdirəcəyini bildirmişdi. Daha sonra isə o, KTMT missiyasının hazır vəziyyətdə olduğunu və istənilən bölgəyə göndərilə biləcəyini söyləmişdi.

Gülnar Səlimova

Globalinfo.az