Ermənistanın Azərbaycanla sərhəddəki ordu bölmələrinin bir qismi, xüsusilə orduya cəlb edilmiş polislər hərbi xidməti tərk ediblər. Onların aylıq maaş səbəbindən hərbi xidmətdən getdikləri deyilir.
“Sərhəddə təhlükəli müdafiə mövqelərində xidmət edən polislər ayda 180 min dram (təxminən 790 manat) alırdırlar. Onların maaşı 60 min drama (təxminən 260 manat) endirilib. Buna görə də polislərin bir qismi xidmətdən gediblər”, – məlumatda bildirilib.
Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Ermənistanın Azərbaycanla sərhəddəki ordu bölmələrinin bir qismi şərti dövlət sərhədini tərk etsə də, bu, müvəqqəti haldır:
“Yəni onların yerinə daha peşəkar hərbçilər gələcək. Bu xəbəri əsas götürüb, “ermənilər geri çəkildi” demək doğru deyil. Əksinə, hesab edirəm, bu, daha riskli proseslərin xəbərçisidir.
Əhəd Məmmədli
Ermənistan şərti dövlət sərhədinin təhlükəsizliyini daha ciddi qorumaq istəyir. İrəvanın belə bir addım atması hər hansı ehtimal gərginliklə bağlıdır. Bunu həm də o baxımdan demək olar ki, İrəvanla Bakı arasında danışıqlarda yenidən durğunluq yaşanır, çünki prosesə kənar müdaxilələr var.
Təcrübə göstərir ki, hərbi toqquşma olmadan İrəvan danışıqlar masasına gəlmir və proses irəliyə getmir. Paşinyan nəbz yoxlayacaq. Bakı təxribatlara cavab olaraq lokal hərbi əməliyyatlara getsə, İrəvan geri addım atacaq. Amma bütün hallarda tədbir almaq lazımdır. İrəvan Qərb havadarlarına güvənib, təxribata əl ata bilər”.
Turan Rzayev
Globalinfo.az